Azərbaycan dünyada sülh və əminəmanlığın bərqərar olması üçün çalışır
Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda yeni dünya nizamına təhdid yaradan amillər, o cümlədən təhlükəsizlik məsələsi, bölünmüş dünyada dayanıqlılığın qurulması, qarşıda duran çağırışların həlli yolları müzakirə olunur, eyni zamanda, dünyanı sarsıdan münaqişələr, meqatəhdidlər, iqlim, qida və nüvə təhlükəsizliyi ilə əlaqədar fikir mübadiləsi aparılır. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması kimi tədbirlər əsas müzakirə mövzularına çevrilir. İştirakçılar tərəfindən, həmçinin Avropanın gələcəyi ilə bağlı təsəvvürlər də bölüşülərək, populizmin və ekstremizmin mənbəyi araşdırılır, bu qlobal bəlaya qarşı səmərəli mübarizə yolları araşdırılır. Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirləri də məhz həmin məsələlər fonunda diqqətə çatdırıb.
Dövlətimizin başçısı Forumdakı çıxışında əvvəlcə mühüm bir məqama toxunaraq bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildən öz üzərinə götürdüyü sədrlik dövründə bu təşkilatın daha böyük nüfuz qazanması üçün əhəmiyyətli tədbirlər gerçəkləşdirib. Bunun üçün bir sıra beynəlxalq layihələrin və üç Zirvə toplantısının reallaşdırılmasına nail olub. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi, COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olaraq bu qurumun fəaliyyəti tarixində ən önəmli uğurlara imza atıb. Məsələn, belə bir ideyanın həyata keçirilməsi ilə pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasını gerçəkləşdirib. Bununla yanaşı, adıçəkilən hərəkat pandemiyanın ilk aylarından başlayaraq peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına qarşı etirazını bütün dünyaya bəyan edib, eyni zamanda, Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərib. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə edib. Forumu əhəmiyyətli edən məsələlərdən biri də tam müstəqil bir forum olmasıdır. Bu da Azərbaycan dövlətinin tam müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir. Çünki son bir il ərzində üç böyük toplantı təşkil olundu. Hər üç platformada əsasən hansı missiyanın yerinə yetirilməsi qarşıya məqsəd kimi qoyulmuşdu və bütövlükdə toplantıların elə ruhu da məhz onun üzərində köklənmişdi. Amma Qlobal Bakı Forumu heç bir halda konkret bir istiqamət məqsədli, hansısa dairələrin maraqlarına uyğun missiyanı yerinə yetirmək məqsədi güdməyib. X Qlobal Bakı Forumu bir daha nümayiş etdirdi ki, bu forum hər hansı bir tərəf sərgiləmədən, hər hansı bir cəbhədə yer almadan dünyanı narahat edən obyektiv məsələlərin həlli istiqamətində müzakirələrin təşkil olunmasından ibarətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında Forumun istiqamətlərinə də bir daha aydınlıq gətirdi. Münaqişələr məsələsi, post pandemiya dövründə inkişaf məsələləri və digər mühüm məsələlər forumun əsas müzakirə predmetlərini təşkil edir. Bu baxımdan qeyd edilməlidir ki, Qlobal Bakı Forumu dünyanın bu günü və gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edən toplantıdır.
Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxışında qlobal gündəliyin aktual məsələləri ilə bağlı Azərbaycanın mövqeyini və sülh quruculuğu ilə əlaqədar təcrübəsini diqqətə çatdırıb. Həmçinin Azərbaycanın sülh quruculuğu ilə bağlı səylərini və Qoşulmama Hərəkatı müstəvisində yeni uğurlu əməkdaşlıq təcrübəsini təqdim edib. Prezident İlham Əliyevin tövsiyələri və Azərbaycanın münaqişələrin həlli, sülh quruculuğu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində təcrübəsi X Qlobal Bakı Forumunda yeni ideyaların, yanaşmaların meydana çıxmasına və təşəbbüslərın yaranmasına əhəmiyyətli töhfə verəcəkdir.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı