AnalitikaGündəmSiyasət

Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb

Mayın 28-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib. Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev bir sıra məsələlərə toxunub: “. Xüsusilə bu bölgədə, 30 il ərzində işğal altında qalan Laçın şəhərində bizim birgə olmağımız böyük rəmzi məna daşıyır. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bizi Türkiyə və Pakistan dəstəkləmişdir… Ermənistanın işğalçılıq siyasəti ondan sonra da davam etdirilmişdir. Xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20 faizi erməni işğalına məruz qalmışdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdır, qaçqın-köçkün həyatına başlamışdır.

Azərbaycan dövləti və xalqı bu ədalətsizliklə, bu işğalla heç vaxt barışmayıb. Biz güc toplayırdıq, beynəlxalq müstəvidə daha güclü mövqelərə sahib olurduq. Beynəlxalq təşkilatlar çərçivəsində öz haqq işimizi aparırdıq. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanımaqla münaqişənin həlli üçün siyasi və hüquqi zəmin yaratmışdır…”

1988-ci ildən etibarən Sovet İttifaqının süqutu fonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları daha da güclənmiş, Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi tələbilə çıxış edərək bölgədə silahlı qarşıdurmalar yaratmış, azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir.

1992–1994-cü illərdə, xüsusilə, Xocalı soyqırımı kimi dəhşətli faciələr yaşanmış, Ermənistan silahlı qüvvələri və onların arxasında duran havadarlar Azərbaycanın 20 faizini işğal etmiş, bu prosesdə 20 mindən artıq azərbaycanlı həlak olmuş, 1 milyona yaxın insan doğma yurd-yuvasından didərgin düşmüşdür. Azərbaycan Respublikasının ərazi bütövlüyü bütün beynəlxalq təşkilatlar tərəfindən tanınmasına baxmayaraq, Ermənistan işğal olunmuş ərazilərdən çıxmaqdan uzun illər imtina etmişdir.

ATƏT-in Minsk qrupu 1994-cü ildən etibarən vasitəçilik missiyasını üzərinə götürsə də, nəticəsiz danışıqlar 30 ilə yaxın davam etmiş, Ermənistan tərəfi status-kvonu uzatmaqla sülh prosesini ləngitmiş, işğalı möhkəmləndirməyə çalışmışdır.

Azərbaycan işğal altında olan torpaqları sülh yolu ilə azad etmək üçün uzun müddət səbirli, lakin prinsipial siyasət aparmışdır. Bu dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həm iqtisadi, həm də hərbi sahədə güclənmiş, neft və qaz strategiyası, beynəlxalq layihələr və ordu quruculuğu nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir.

Prezident İlham Əliyev dəfələrlə bildirmişdi ki, əgər danışıqlar nəticə verməzsə, Azərbaycan öz torpaqlarını hərbi yolla azad edəcək. Bu bəyanatlar təsadüfi deyil, məqsədyönlü siyasi strategiyanın tərkib hissəsi idi. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bu əməliyyat 44 gün davam etdi və Azərbaycan tarixinə Vətən Müharibəsi adı ilə daxil oldu. Azərbaycan xalqı və ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün dünya üçün nümunəvi bir hərbi-siyasi Zəfər qazandı.

Zəfərdən dərhal sonra Azərbaycan azad olunmuş torpaqlarda bərpa və yenidənqurma işlərinə başladı. Prezident İlham Əliyev dəfələrlə bu bölgələrə səfərlər edərək layihələrin təməlini qoydu. Şəhərlər, kəndlər, yollar, hava limanları, elektrik stansiyaları, məktəblər, xəstəxanalar inşa edilir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları artıq istifadəyə verilib. Bununla yanaşı, Böyük Qayıdış prosesi başlayıb. Məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün “ağıllı kənd”, “ağıllı şəhər” layihələri həyata keçirilir.

Azərbaycan torpaqlarının işğaldan azad olunması təkcə hərbi yox, həm də diplomatik, iqtisadi və ideoloji zəfərdir. Bu zəfər, Azərbaycan xalqının birliyi, milli iradəsi və Ali Baş Komandanın uzaqgörən siyasəti sayəsində mümkün oldu. 30 ilə yaxın davam edən ədalətsizlik aradan qaldırıldı və Azərbaycan öz suverenliyini bərpa etdi.

Bu gün Azərbaycan qalib dövlətdir. Bu status həm regionda, həm də beynəlxalq arenada ölkənin rolunu artırır. Azad edilmiş torpaqlarda həyat canlanır, doğma Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu, Azərbaycanın gücünün, əzminin və milli həmrəyliyinin simvoludur.

Daşqın Mikayılov
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button