Analitika

Azərbaycan dövləti öz xalqının ana dili və əlifbasının ən güclü qarantıdır

Ulu öndər Heydər Əliyevin Azərbaycan Əlifbası və Azərbaycan dili Gününün təsis edilməsi ilə bağlı fərman imzaladığı gündən artıq 22 il ötür. Başqa sözlə xalqımız bu əlamətdar Günü 22 ildir ki, yüksək əhval-ruhiyyə ilə qeyd edir. Məlumdur ki, yazı bir mədəniyyətdir. Xaqımızın yazı mədəniyyəti uzun bir tarixi yol keçmişdir. Yazı təkcə səsli dilimizin müəyyən işarələrdən ibarət ifadə forması deyil. Yazı bizim tarixi keçmişimizi əsrlərin dərinliyindən günümüzədək gətirib çıxarmış bir qiymətli nəsnədir. Hər bir yazı müəyyən əlifbada təzahür edir. Bu mənada xalqın istifadə etdiyi əlifbanın onun həyatında müstəsna rolu var. Tarixdən bəllidir ki, türksoylu xalq olaraq tarixin müxtəlif dönəmlərində fərqli əlifbalardan istifadə etmişik. Qədim türk, alban, ərəb, kiril əlifbası və s. Hazırda latın qrafikasına əsaslanan Azərbaycan əlifbası ölkəmizdə istifadə edilən rəsmi əlifbadır.Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir. Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı tarixi hadisədir. Müasir yazı mədəniyyətimiz bu əlifba üzərində inkişaf edir. Qeyd etmək lazımdır ki, Azərbaycan dilinin incəliyini, onun səs sistemini ifadə etmək üçün hazırda istifadə etdiyimiz latın qrafikalı əlifbamızın geniş imkanları vardır.

Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Dilimiz xalqımızın milli kimlik sənədidir. Azərbaycan xalqının mənəvi düşüncəsində dil xüsusi önəm daşıyır. Bizim üçün ən həssas məsələlərdən biri dilimizə olan münasibətimizdir. Azərbaycan dili xalqın psixologiyasını, onun mədəniyyətini, böyük ədəbiyyatını, tarixini ən yüksək səviyyədə ifadə edən ünsiyyət vasitəsidir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Dilimizi vətənimiz kimi sevmək daim ən ali amalımız olmalıdır.

Tarixən dilimizin keşiyində durmaq, onu qoruyub saxlamaq bizim ən vacib vəzifəmiz olmuşdur. Mənfur düşmənlərimizin xalqımızı tarix səhnəsindən silmək cəhdlərinin başlıcalarından biri də dilimizi unutdurmaq olmuşdur. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. Bununlada Ulu öndər bir vətəndaş cəsarəti göstərərək dilini sevən, onu qoruyan tarixi şəxsiyyətlərimizin adları sırasına öz adını yazdıra bilmişdir. Həqiqətən, bu böyük tarixi xidmətdir və Azərbaycan xalqı bunu heç vaxt unutmur.

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır: “Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur”. Bu cür cəsarətli arqument o dövrdə böyük hünər və siyasi səriştə tələb edirdi. Nadir tarixi şəxsiyyət olan Heydər Əliyev buna nail ola bilmişdir. Nəticədə dilimizi yaranmış təhlükədən xilas etmişdir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Bugünkü gənclik bilməlidir ki, ulu öndərin doğma dilini yüksək səviyyədə sevməsi, ona bələd olması özünü uzaqgörən liderin bütün nitqlərində göstərirdi.

Ümumiyyətlə, müstəqil dövlətimizin dilinin adlandırılması ilə bağlı ulu öndərin rəhbərliyi ilə aparılan geniş müzakirələrdən sonra mühüm bir addım atılmışdır. Belə ki, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.

Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.

Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Təbii ki, dilə dövlət qayğısı mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan dövləti bütün səviyyələrdə dilimizin keşiyindədir. Azərbaycan dövləti öz xalqının ana dilinin ən güclü qarantıdır.

Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Azərbaycan oxucusu bu imkandan istifadə edərək dünya ədəbiyyatının ən böyük şəxsiyyətlərinin yaradıcılığını latın qrafikası ilə öz ana dilində oxumaq şansı qazanmışdır.

“Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir” fikrini vurğulayan ölkə başçısı cənab İlham Əliyev müasir dövrün tələblərini və reallıqlarını nəzərə alaraq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.

Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Dilimiz haqqında bir çox qələm sahiblərimiz, ictimai və dövlət xadimlərimiz qiymətli fikirlər söyləmişdir. Belə dəyərli fikirlərdən söz açarkən ulu öndər Heydər Əliyevin fikirləri yada düşür: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Kamil Səbzalıyev,
Xəzər rayonu, 26 №-li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button