AnalitikaGündəm

Azərbaycan COP29-a ev sahibliyi etməklə həm diplomatik, həm də ekoloji sahədə nüfuzunu bir daha təsdiqlədi

Azərbaycan COP29-a ev sahibliyi etməklə həm diplomatik, həm də ekoloji sahədə nüfuzunu bir daha təsdiqlədi. Bu tədbir Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin beynəlxalq səviyyədə enerji təhlükəsizliyi, yaşıl enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində liderliyini nümayiş etdirdi. Sözsüz ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunu və iqlim dəyişikliyi ilə mübarizədə fəal rolunu göstərmiş oldu.

Azərbaycanın bərpa olunan enerji potensialı COP29-da diqqət mərkəzində oldu. Ölkəmiz Xəzər dənizi və quru ərazilərində ümumilikdə 292 giqavat bərpa olunan enerji ehtiyatlarına malikdir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi COP29 iştirakçılarının xüsusi rəğbətinə səbəb oldu. Eyni zamanda beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən layihələr arasında Cəbrayılda BP ilə Günəş enerji stansiyasının tikintisi, BƏƏ-nin Masdar şirkəti ilə Günəş enerjisi layihəsi və Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti ilə külək enerjisi layihələri xüsusi qeyd olundu. Həmçinin Xəzər dənizindən başlayaraq Qara dəniz dibi ilə çəkilməsi planlaşdırılan enerji kabeli layihəsi Azərbaycanın Avropaya yaşıl enerji ixracını təmin edəcək. Bu layihə Azərbaycanın enerji təhlükəsizliyi strategiyasını gücləndirəcək və ölkənin Avropadakı tərəfdaşlarla əməkdaşlığını daha da möhkəmləndirəcək.

COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi. Tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb olub. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button