Analitika

Azərbaycan-Çin münasibətləri sağlam təməllər üzərində inkişaf edir

“Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Prezident İlham Əliyevin apardığı strategiyanın prioritet istiqamətlərindən biri kimi Çin Xalq Respublikası ilə münasibətlərin inkişafına xüsusi diqqətin ayrılması siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin yeni mərhələyə daxil olmasını təmin etmişdir. Azərbaycanın xarici ölkələrdə təsis etdiyi ilk diplomatik nümayəndəliklərindən birinin məhz Çin Xalq Respublikasında açılması bu dövlətə verilən diqqətin bariz nümunəsidir”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin cari ilin 22 iyul tarixində “China Global Television Network” televiziya kanalında yayımlanmış müsahibəsi zamanı da bu məsələlərə xüsusi toxunub. Cənab Prezidentin “Azərbaycan və Çin arasında ikitərəfli əlaqələrin inkişafında yekdil siyasətimiz var” deməsi dövlətlər arasında əlaqələrin yüksək səviyyədə inkişafından xəbər verir. İki ölkə arasında ticarət, iqtisadi, diplomatik, siyasi, hərbi, humanitar və mədəni əməkdaşlıq inkişaf edir. 

“Prezident İlham Əliyev Çinin CGTN kanalına müsahibəsində iki ölkə arasında əməkdaşlıq üçün çox möhkəm platformanın qurulduğunu qeyd edərək, siyasi münasibətlərin Azərbaycan ilə Çinin yaxşı tərəfdaş və etibarlı dostlar olduğunu nümayiş etdirməsi barədə fikirləri iki ölkə arasında münasibətləri xarakterizə etmək üçün ən yaxşı istinaddır. Bu il 10 yaşı tamam olan Çinin “Bir kəmər və bir yol” təşəbbüsü isə həm ikitərəfli iqtisadi-ticari münasibətlərdə yeni imkanlar yaradıb, həm də təxminən 500 milyard dollar dəyərində olan Çin-Avropa ticarət əlaqələrində Azərbaycanın rolunu daha da önə çıxarıb. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan nəqliyyat-logistika sahəsində yaratdığı infrastruktur potensialı ilə artıq mühüm əhəmiyyət kəsb edən işləri yerinə yetirib. Son illər dünyadakı geosiyasi vəziyyət fonunda yüklərin Çindən Avropaya və əks istiqamətdə daşınması baxımından “Orta dəhliz”ə marağın artması müşahidə olunur”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, iki ölkənin potensialını nəzərə alaraq deyə bilərik ki, Azərbaycan-Çin münasibətləri inkişaf dinamikasını qarşıdakı illərdə də qoruyub saxlayacaq. Bu dinamikanı təmin edəcək amillər isə həm tarixi dostluq ənənələri, həm dövlət başçılarının ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı yürütdüyü siyasətdir.

Onun sözlərinə görə, tərəflərin münasibətləri daha da inkişaf etdirmək istəkləri Azərbaycan – Çin münasibətlərinin perspektivini parlaq edir və ölkələr arasında əlaqələrin günün tələbləri səviyyəsində inkişafına güclü təkan verir. Xalqlarımızın onilliklərdən bəri davam edən dostluq əlaqələrini, eləcə də, çin və Azərbaycanın dövlət rəhbərlərinin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətində səylərini nəzərə alaraq tam əminliklə söyləmək olar ki, bu dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcək və xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcəkdir.

Oxşar Xəbərlər

Back to top button