Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir

Azərbaycan ilə Bolqarıstan arasında çox sıx əlaqələr mövcuddur. Bu əlaqələr son onilliklər ərzində təşəkkül tapmışdır. Siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir.
Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə qeyd ediblər. Bolqarıstan-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini deyən R.Radev ölkəmizin Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rolunu xüsusi vurğulayıb. O, “Həmrəylik Halqası” layihəsinin reallaşmasında Azərbaycanın mühüm rol oynadığını vurğulayıb. 30 il ərzində Azərbaycan-Bolqarıstan əlaqələri çox uğurla və geniş bir sferada inkişaf edib. Əldə olunan statistik göstəricilər onu deməyə əsas verir ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər.
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də Azərbaycana növbəti səfəri isə iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə açacaq. Son illərdə iki dövlət arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb. İki ölkənin enerji sektorundakı əməkdaşlığının bugünkü səviyyəsi qənaətbəxşdir və müsbət perspektiv vəd edir. Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycan enerji məsələlərində Bolqarıstanın əsas tərəfdaşıdır. Bolqarıstan Azərbaycanın təbii qaz satdığı 8 ölkədən biridir və qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının bu ölkəyə ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib. Bundan başqa, Bolqarıstan Azərbaycanın qazının nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq və Bolqarıstan Azərbaycan qazından fayda götürəcək.
Həsənova Səbinə,
YAP-ın fəalı