Analitika

Azərbaycan beynəlxalq münasibətlərin tam hüquqlu subyektidir

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr bir daha göstərdi ki, Azərbaycan sülh gündəliyinə sadiqdir. Ermənistan isə bu prosesə maneə yaradır. Öz havadarlarına, erməni lobbisinə güvənən Ermənistan, Qarabağdakı “cinayətkar-xunta rejimi”, hərbi separatçıları davamlı olaraq siyasi, hərbi təxribatlar törədir, Azərbaycana qarşı şər- böhtan kampaniyaları aparır. Və bu aksiyanın ən kulminasiya nöqtəsi BMT TŞ-da keçirilən iclas oldu. BMT TŞ-nın 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın belə bir iclasın keçirilməsinə nail olması nə məntiqə, nə beynəlxalq hüquqa sığmır.  Qeyd etmək lazımdır ki, Ermənistan özü BMT TŞ-nin qətnamələrini 30 ildə ayaq altına ataraq heç vaxt məhəl qoymayıb. Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır. Azərbaycan qalib olmasına baxmayaraq, özü müharibədən sonra iki ölkənin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında sülh təklif etmişdir. Bunu həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət unutmamalıdır. Bütün ağrı-acılara, öz doğma yurdlarından məcburi köçkün düşmələrinə, erməni işğalçıları tərəfindən işgəncələrə məruz qalmalarına, erməni faşizminin törətdiyi humanitar və ekoloji cinayətlərə baxmayaraq Azərbaycan münasibətlərin normallaşmasına hazır olduğunu bəyan edibdir. Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin taleyinə gəldikdə isə, onlar Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş, habelə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır.

Sevindirici haldır ki, illərdir Azərbaycana qarşı yönəlmiş ikili standartlara, riyakarlıqlara baxmayaraq, dünya birliyi hələ də ədalət prinsipinin nə olduğunu unutmayıb.  Təşkil olunmuş “tamaşanın” nəticəsində Azərbaycanın haqlı olduğu bir daha sübut olundu. Beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəklədi, Qarabağda məskunlaşmış ermənilərə çağırış etdi ki, onlar nəinki Azərbaycanın qanunları çərçivəsində həyatlarını davam etdirməyə hazır olmalı, eyni zamanda bu istiqamətdə artıq konkret addımlar atmalıdırlar.

Dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir ki, Azərbaycan beynəlxalq münasibətlərin tamhüquqlu subyektidir. Ölkəmizin beynəlxalq nüfuzu hər gün artır. Bu gün heç də bütün dövlətlər müstəqil xarici siyasət yeritmək iqtidarında deyil. Məsələn, erməni ekspertlər həmişə Ermənistanın müstəqil xarici siyasətinin olmamasından şikayətlənirlər. Danışıqlar gedir, müəyyən tədbirlər keçirilir, ölkə beynəlxalq təşkilatlarda təmsil olunur. Lakin atılan addımlar son nəticədə Ermənistanın müstəqil qərar qəbul etmək iqtidarında olmadığını göstərir.

Əminliklə deyə bilərik ki, sülhün əldə olunması üçün Ermənistanın artıq bir bəhanəsi qalmayıb, hal-hazırda Xankəndi və ətraf rayonlarda məskunlaşan ermənilər onlara təqdim olunan bu tarixi şansı əldən qaçırmamalı, sülh müqaviləsinin imzalanması üçün tezliklə hərəkətə keçməlidirlər.

Rzayeva Səba,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button