
Azərbaycanın xarici siyasətində milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı əsas prioritetlərdəndir. Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündəki çıxışı Azərbaycanın son onilliklərdə keçdiyi tarixi yolu, ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsini və regionda davamlı sülhün təmin olunmasına yönəlmiş siyasətini bir daha diqqət mərkəzinə gətirdi.
Dövlət başçısının çıxışı yalnız Azərbaycanın üzləşdiyi çətinliklərin və əldə etdiyi tarixi Qələbənin ifadəsi deyildi. Bu, həm də beynəlxalq münasibətlər sistemində ikili standartlara, selektiv yanaşmalara və beynəlxalq hüququn ayrı-ayrı hallarda fərqli şəkildə tətbiq olunmasına qarşı aydın mövqenin nümayişi idi.
Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan bu gün Avrasiya məkanında mühüm birləşdirici mərkəz kimi çıxış edir. Ölkəmizin nəqliyyat, enerji, iqtisadiyyat, humanitar əlaqələr və regional təhlükəsizlik sahələrində həyata keçirdiyi təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə də xidmət edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın xarici siyasəti bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanır. Bu mövqe ölkəmizin beynəlxalq münasibətlərdə müstəqil qərarlar qəbul etmək iradəsini və milli maraqlarını ardıcıl şəkildə müdafiə etdiyini göstərir.
Lakin Azərbaycanın müasir tarixində bu prinsiplərin nə qədər vacib olduğunu sübut edən ağır sınaqlar da olub. Müstəqilliyinin bərpasından sonra ölkəmiz ərazi bütövlüyünün pozulması, torpaqlarının işğalı və yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi ilə üzləşib. Uzun illər ərzində beynəlxalq hüququn tələblərinin yerinə yetirilməməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasız qalması münaqişənin həllini daha da çətinləşdirib.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət yetirdiyi məsələlərdən biri beynəlxalq təşkilatların münaqişə dövründəki fəaliyyəti və beynəlxalq hüququn tətbiqində müşahidə olunan ikili standartlar idi.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunsa da, bu qərarlar uzun illər ərzində icra edilmədi. Münaqişənin həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyəti də nəticəsiz qaldı. Beləliklə, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğu ilə onların praktikada həyata keçirilməsi arasında ciddi fərq yarandı.
Azərbaycanın üzləşdiyi bu vəziyyət bir həqiqəti üzə çıxardı: beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar yalnız kağız üzərində qaldıqda onların münaqişələrin qarşısının alınmasında və ədalətin bərqərar olunmasında rolu zəifləyir. Dövlət başçısının çıxışında da vurğulandığı kimi, beynəlxalq qərarların icrasını təmin edən təsirli mexanizmlər yaradılmadan dünyada müharibələrin və münaqişələrin qarşısını almaq çətin olacaq.
Azərbaycan xalqı uzun illər torpaqlarının azad olunacağına və tarixi ədalətin bərpa ediləcəyinə inanıb. Ermənistanın hərbi təxribatları və münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların nəticəsiz qalması 2020-ci ildə Vətən müharibəsinin başlanmasına gətirib çıxardı.
44 gün davam edən müharibə Azərbaycanın hərbi gücünü, xalqın birliyini və dövlətin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad etdi və 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı.
Lakin ölkəmizin suverenliyinin tam bərpası hələ qarşıda duran əsas vəzifə idi. Azərbaycan sonrakı dövrdə bu məqsədə sülh yolu ilə nail olmağa çalışsa da, yaranmış vəziyyət davamlı təhlükəsizlik üçün ciddi risklər saxlayırdı.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağda suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu. Beləliklə, uzun illər davam edən münaqişənin hərbi-siyasi mərhələsi başa çatdı və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində tarixi mərhələ tamamlandı.
Bu Qələbə Azərbaycanın yalnız hərbi imkanlarının deyil, həm də milli iradəsinin, dövlətçilik əzminin və müstəqil siyasətinin təntənəsi oldu.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycanın Qələbədən sonra nümayiş etdirdiyi mövqe idi. Ölkəmiz onilliklər boyu davam edən işğalın, dağıntıların və insan faciələrinin ağrısını yaşasa da, müharibədən sonra qisasçılıq siyasəti yürütmədi, Ermənistana sülh təklif etdi.
Bu yanaşma Azərbaycan dövlətinin gücünü yalnız hərbi uğurlarla deyil, siyasi məsuliyyət və mənəvi dəyərlərlə də ölçdüyünü göstərir. Azərbaycanın əsas məqsədi keçmiş münaqişəni yenidən alovlandırmaq deyil, regionda uzunmüddətli sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olmasına nail olmaqdır.
Bununla belə, sülhün qorunması qarşılıqlı məsuliyyət, etimad və əldə olunmuş razılaşmalara əməl olunmasını tələb edir. Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi həm Azərbaycan və Ermənistan xalqlarının gələcəyi, həm də regionun iqtisadi inkişafı və beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Zirvə görüşündə Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə ikiillik sədrliyi dövründə təşkilatın gücləndirilməsi istiqamətində görülən işlərə də toxundu. Azərbaycanın təşəbbüsləri nəticəsində nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilib.
Bu fəaliyyət Azərbaycanın beynəlxalq platformalarda yalnız milli maraqlarını müdafiə edən deyil, eyni zamanda ortaq problemlərin həllinə töhfə verən fəal tərəfdaş olduğunu təsdiqləyir. AQEM-in institusional və hüquqi imkanlarının gücləndirilməsi, üzvlər arasında dialoqun inkişafı və qarşılıqlı etimadın artırılması Asiya məkanında təhlükəsizlik və iqtisadi rifahın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycanın coğrafi mövqeyi, enerji və nəqliyyat infrastrukturu, beynəlxalq tərəfdaşlıqları ölkəmizə Avrasiya məkanında mühüm rol oynamaq imkanı verir. Bu imkanlardan səmərəli istifadə həm Azərbaycanın inkişafına, həm də regionlar arasında iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edir.
Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Görüşündəki çıxışı Azərbaycanın müasir tarixinin əsas dərslərini və gələcəyə baxışını özündə birləşdirir. Bu çıxışın başlıca mesajı ondan ibarətdir ki, beynəlxalq hüquq bütün dövlətlər üçün eyni şəkildə tətbiq edilməli, suverenlik və ərazi bütövlüyü prinsipləri siyasi maraqlardan asılı olmayaraq qorunmalıdır.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçirilməsinin vacibliyini nümayiş etdirdi. İndi qarşıda duran əsas vəzifə əldə olunmuş nəticələri qorumaq, regionda sülhü möhkəmləndirmək və əməkdaşlıq imkanlarını genişləndirməkdir.
Bu gün Azərbaycan həm tarixi Qələbəsi, həm də beynəlxalq platformalarda irəli sürdüyü təşəbbüslərlə regional və qlobal proseslərdə fəal iştirak edir. Ölkəmizin mövqeyi aydındır: davamlı sülhün əsası ədalətə, qarşılıqlı hörmətə, suverenliyə və beynəlxalq hüquqa söykənməlidir. Məhz bu prinsiplərə əməl olunması gələcək nəsillər üçün daha təhlükəsiz və sabit dünyanın qurulmasına imkan verə bilər.
Aynur Şərif,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının əməkdaşı



