Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq tarixi ədaləti bərpa etdi
Qlobal Bakı Forumunda açılış nitqi ilə çıxış edən Prezident İlham Əliyev əvvəlki mötəbər tədbirdən sonra dünyada və regionda baş verən dəyişiklikləri tədbir iştirakçılarının nəzərinə çatdırdı. Əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Bunun çox ciddi dəyişiklik olması, uzun illər nəticəsiz qalan digər yerlərdəki münaqişələrin də həllinə töhfə verə biləcəyi diqqətə çatdırıldı. Nəticə olmadıqda müharibələrin bəzən sülhə və normallaşmaya yaxınlaşdırdığı, bu baxımdan da Ermənistanla münasibətlərdə son illərdə olmadığı qədər sülhə yaxınlıq müşahidə olunduğu vurğulandı. Sürətlə dəyişən hazırkı geosiyasi zamanda düşmənliyi sona çatıdırmağın zəruri olduğunu bildirən dövlətimizin başçısı Azərbaycanın işğala və etnik təmizləməyə məruz qalsa da, beynəlxalq hüquqa əsaslanaraq tarixi ədaləti bərpa etdiyini bütün beynəlxalq tədbirlərdə xatırladır. Prezident İlham Əliyev Forumda növbəti dəfə həm Ermənistana, həm də regionda sabitliyin tərəfdarı olan ölkələrə sülh mesajı verdi və bunun çox yaxın olduğunu vurğuladı. Dövlətimizin başçısı onu da diqqətə çatdırdı ki, Fransa kimi pozucu fəaliyyət həyata keçirən dövlətlərin mənfi ritorikası sülh müzakirələrinə müsbət təsir etmir. Ukraynada və Cənubi Qafqazda fərqli mövqe nümayiş etdirən rəsmi Parisin beynəlxalq hüquqa öz maraqları kontekstindən baxması üzv olduğu təşkilatların nüfuzuna xələl gətirir və o qurumları etibarsızlaşdırır. Biz bunun əyani göstəricisi kimi 30 il ərzində ATƏT-in Minsk qrupunu göstərə bilərik. Bu gün oxşar davranış Avropa İttifaqında (Aİ), Avropa Şurası Parlament Assambleyasında, BMT-də və digər ali qurumlarda da açıq şəkildə görünür ki, Fransa və digər böyük güclər Ermənistanı dəstəkləyir və həmin təşkilatlardan öz məqsədlərinə uyğun şəkildə faydalanırlar. İrəvana verilən şirin vədlər sözdə Azərbaycanla sülhün dəstəkləndiyini göstərsə də, fonda Ermənistanın silahlandırılması yönündən diqqətləri cəlb edir. Ermənistan 1991-ci ildən bəri davam edən Rusiyadan güclü asılılığını artıq Qərbə istiqamətlənməklə kompensasiya etmək istəyir. Bu baxımdan da İrəvan təhlükəsizliyini təmin etmək məqsədilə alternativlərin olması üçün addımlar atmağa başlayıb. Bütün bunlar isə Ermənistanın müstəqil qərar verməsinə təsir edən amillər olduğu üçün Azərbaycanla sülh müzakirələrinə mənfi təsir edir, ölkədə çoxqütblülük yaradır. Çünki Ermənistan hələ də iqtisadi və təhlükəsizlik cəhətdən Rusiyadan böyük ölçüdə asılıdır. Son illərdə isə Ermənistanın Avropa İttifaqı, ABŞ, Hindistan və Fransa ilə sıx əməkdaşlığı regional sabitlik üçün heç də faydalı görünmür. Ermənistan da bundan xəbərsiz deyil. Ona görə də əgər İrəvan sülh müqaviləsinin imzalanması məsələsində səmimidirsə, özünə havadar axtarmaq əvəzinə əməkdaşlığa çalışmalıdır. Öz asılılığını Rusiyadan azaldıb Qərblə dərinləşdirmək həm Ermənistan, həm də region üçün uzunmüddətli uğurlu perspektiv vəd etmir. Əksinə Rusiya ilə Qərb arasında münaqişə zonası yaradır ki, bu da Ermənistanın müstəqilliyini sual altında qoya bilər. Ancaq bütün nikbin proqnozlara və bəyanatlara baxmayaraq, Ermənistanın səyləri real addımlara çevrilmir. Proseslər o qədər qarışıq cərəyan edir ki, Ermənistan kimi dövlətin növbəti addımlarını təxmin etmək çətindir. Reallıq isə sadəcə, əməli işlərin görülməsi ilə ölçülər. O da hələ ki, Ermənistan tərəfindən həyata keçirilmir.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı