Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibə zamanı bir sıra vacib məqamlara toxunmuşdur. Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur. Azərbaycan qədim və şərəfli dövlətçilik tarixinə, zəngin dövlətçilik irsinə, varislik ənənələrinə malikdir. Bu ənənələr Azərbaycanın ağır və faciəli məqamlarında dəfələrlə qırılsa da, fasilələr olsa da, xalqımız çətin sınaqlardan çıxaraq tarixi ədaləti bərpa etmiş, qədim dövlətçilik ənənələrinə sədaqətini göstərmiş, təkcə müdafiə qabiliyyəti ilə deyil, diplomatiya vasitəsilə də müstəqilliyini qoruyub saxlaya bilmişdir. Həmin uğurlar vaxtilə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun məntiqi nəticələridir.
Azərbaycan 1991-ci ildə öz müstəqilliyini əldə etdikdən sonra Qərb ölkələri ilə faydalı əməkdaşlıq ,mehriban qonşuluq və dinc yaşamaq prinsiplərini prioritet qəbul edərək beynəlxalq müstəvidə geniş fəaliyyətə başladı. Bu kontektsdə Avropa İttifaqı ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın iqtisadi maraqlarının təmin olunması və həmçinin siyasi müstəvidə faydalı əməkdaşlığı ehtiva edirdi. Azərbaycanın Aİ ilə əməkdaşlıqda qarşıya qoyduğu əsas məqsəd milli iqtisadiyyatın Avropanın iqtisadi məkanlarına tam inteqrasiyanı həyata keçirməkdən ibarət idi.
44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatı zamanı işğal olunan ərazilərimiz tamamən işğalçılardan azad edildi və Qarabağ problemi kökündən həll olundu. Hal-hazırda Azərbaycanı dünyanın ən sabit ölkələrindən biri hesab etmək olar. Bu göstəricinin nəticəsidir ki, ölkəmizə davamlı şəkildə xarici dövlət rəhbərlərinin, şirkət nümayəndələrinin səfərləri olur, müqavilələr imzalanır və gələcəyə hesablanan böyük layihələrin təməli qoyulur. Azərbaycan eyni zamanda daha böyük tədbirlərə ev sahibliyi etməyə hazırlaşır və onlardan biri də yaxın gələcəkdə baş tutması nəzərdə tutulan COP29-dur. Ölkə başçısı cənab İlham Əliyev müsahibəsi zamanı qarşıda bizi gözləyən tədbir barədə suallara aydınlıq gətirərək təminatlı təhlükəsizlik barəsində danışıb və COP29 zamanı ölkəmizdə bütün tərəflərin özlərini rahat hiss etməkləri üçün yüksək bir mühit yaradılacağını diqqətə çatdırıb.
Cənab İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibə zamanı bildirmişdir ki, “Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Avropa İttifaqı 1991-ci ildən başlayaraq Azərbaycanla get-gedə daha çox yaxınlaşır. O, iqtisadi inteqrasiyanı dərinləşdirməklə və ölkə ilə siyasi əməkdaşlığı artırmaqla, bu özül üzərində daha çox irəliləyişə nail olmaq istəyir.
Prezident İlham Əliyev çıxışında Azərbaycan “Şərq Tərəfdaşlığı”nın fəal tərəfdaş ölkəsi olduğunu qeyd etdi: “Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır”. Belə ki, ölkəmiz öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu gün Azərbaycan Respublikasının siyasi və iqtisadi potensialı artmış, regionda söz sahibi olan dövlətə çevrilmiş, beynəlxalq “siyasət səhnəsi”ndə nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir.
Əkbərova Hüsniyyə,
Xəzər rayonu, 92 N-li tam orta məktəbin tarix müəllimi