Analitika

Azərbaycan-Almaniya münasibətlərinin müsbət inkişaf dinamikası

Müstəqil xarici siyasət kursuna malik olan, Cənubi Qafqazın lider dövləti qismində çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Azərbaycan əksər Qərb dövlətləri ilə siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrə malikdir. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq siyasi nüfuzunun güclənməsi və digər amillər region dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən başlıca amillərdir. Qərb dövlətlərinin özünün müsbət beynəlxalq imicini formalaşdırmış Azərbaycanla əməkdaşlığa olan yüksək marağı, eləcə də, ölkəmizin milli siyasi və iqtisadi maraqları zəminində respublikamızın Avropa məkanına inteqrasiyası davam etməkdədir. Azərbaycanla Almaniya arasındakı münasibətlərin mütəmadi inkişaf dinamikasına malik olmasını özündə əks etdirən başlıca göstəricilər məhz tərəflər arasındakı əlaqələrin ötən zaman kəsiyindəki dinamikasıdır

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya eyni zamanda Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda öz əksini tapıb. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd edib. “Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb. Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.

Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətdilər. Yüzlərlə şəhər və kəndimizi işğal etdilər, oraları dağıtdılar.

Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək.

Azərbaycanın dünya dövlətlərinin, o cümlədən, Avropanın enerji təhlükəsizliyi kontekstində və strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə Avropa dövlətlərinin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində diqqət mərkəzində olan mühüm məsələlərdən biri də ölkəmizin regional və beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin olunması istiqamətində oynadığı rol oldu. Bir sözlə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Almaniya-Azərbaycan əlaqələri böyük potensiala malikdir.

Əkbərova Hüsniyyə,
Xəzər rayonu, 92N-li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button