Analitika

Azərbaycan-Almaniya münasibətləri yüksələn xətlə inkişaf edir

Azərbaycan-Almaniya münasibətlərin tarixi hələ XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın “Simens qardaşları” firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Bundan əlavə, “Simens qardaşları” firması Daşkəsən ərazisində kobalt yataqları bazasında kobalt zavodu inşa edib. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib. Alman sənayeçilərinin bu ərazidə fəallığının artması nəticəsində ətraf ərazilərdə, xüsusilə Azərbaycanın indiki Göy-göl və Şəmkir rayonlarında alman koloniyaları yaranıb.

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya eyni zamanda Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda öz əksini tapıb.

Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.

22 dekabr 1995-ci ildə Almaniyanın xarici işlər naziri Klaus Kinkel Azərbaycanda rəsmi səfərdə olub. Klaus Kinkellə görüşən Prezident Heydər Əliyev Almaniyanın Avropa İttifaqı daxilində Azərbaycana köməyini yüksək qiymətləndirib. Azərbaycanın dövlət başçısı xarici işlər nazirindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Almaniyanın köməyinin artırılmasını gözlədiyini deyib.

Prezident Heydər Əliyev 1-4 iyul 1996-cı il tarixdə Almaniya Prezidenti Roman Hersoqun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Səfər zamanı Heydər Əliyev Almaniyanın prezidenti, kansleri, vitse-kansleri və digər hakimiyyət nümayəndələri ilə görüşlər keçirib. Bu görüşlər zamanı ölkələr arasındakı əməkdaşlığın xüsusiyyətləri geniş şəkildə müzakirə edilib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və münaqişənin sülh yolu ilə həlli məsələləri Azərbaycan Prezidentinin keçirdiyi görüşlərin əsas müzakirə mövzusu olub. Səfər çərçivəsində, siyasi, iqtisadi və elmi texniki əməkdaşlıq sahəsində beş müqavilə imzalanıb. Keçən illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb. Və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının son 14 ay ərzində Almaniyaya 4-cü səfərinin baş tutması ikitərəfli münasibətlərin hansı səviyyədə olmasından bəhs edir. Xüsusilə, “COP29” Azərbaycanda təşkili və Almaniya rəsmilərinin buna rəğbətlə yanaşması Azərbaycanın bölgədəki və Avropadakı qüdrətinin nümayişidir.

“Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Mən keçən ilin mart ayında burada idim, iki ay bundan əvvəl biz Münxendə cənab Kansler ilə görüşmüşdük. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.”

İkitərəfli münasibətlərin yüksələn xətlə inkişafı bölgənin sabitliyini və inkişafını birbaşa təmin edir.

Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button