AnalitikaGündəmSiyasət

Azərbaycan alimlərin ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər

3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyində Prezident İlham Əliyevin çıxışı yalnız elmi ictimaiyyət üçün deyil, həm də bütövlükdə dövlət siyasətinin gələcək istiqamətlərini müəyyənləşdirən mühüm siyasi bəyanat kimi qiymətləndirilə bilər. Prezidentin “Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər” fikri, ölkənin elmi potensialının milli inkişaf modelinin ayrılmaz hissəsinə çevrildiyini nümayiş etdirir.

Azərbaycan elminin 80 illik inkişaf tarixi əslində dövlətçilik ənənələrinin, milli özünüdərk proseslərinin və müasir çağırışlara cavab vermə iradəsinin təcəssümüdür. İlham Əliyev çıxışında bu aspekti xüsusi vurğulayaraq qeyd etmişdir ki, “Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır.” Bu cümlə, bir tərəfdən tarixi qiymətləndirmə, digər tərəfdən gələcəyə yönəlik strateji mesaj kimi səslənir.

Prezidentin çıxışında diqqət çəkən əsas məqam ondan ibarətdir ki, elmin inkişafı yalnız akademik səviyyədə deyil, həm də dövlətin iqtisadi, sosial və mədəni siyasətində prioritet istiqamət kimi nəzərdə tutulur. İlham Əliyev qeyd etdi ki, “biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi.” Bu fikir, elmin dövlətçilik tariximizdə davamlı xətt kimi qorunub saxlanıldığını və hər dövrdə milli maraqlara xidmət etdiyini göstərir.

Bugünkü dünyada elmi potensial ölkələrin güc amillərindən biri kimi çıxış edir. Süni intellekt, yüksək texnologiyalar, kibertəhlükəsizlik və biotexnologiya kimi sahələr artıq iqtisadi və siyasi müstəqilliyin əsas sütunları sayılır. Prezidentin çıxışında süni intellektin və texnoloji innovasiyaların rolu xüsusi vurğulanmış, alimlərə bu istiqamətdə aktiv iştirak çağırışı edilmişdir. Bu, Azərbaycanın gələcək onilliklərdə rəqəmsal transformasiyaya əsaslanan elmi siyasətə üstünlük verəcəyini göstərir.

Eyni zamanda, İlham Əliyevin nitqində elmin milli kimlik və mədəni dəyərlərin qorunmasındakı rolu da unudulmamışdır. Dövlət başçısı Azərbaycan dilinin saflığının qorunmasının hər bir vətəndaşın borcu olduğunu bildirib. Bu yanaşma, elmi fəaliyyətin yalnız texniki tərəflərlə məhdudlaşmamalı, milli-mənəvi dəyərlərlə və mədəni kimliklə sıx bağlı olmalı olduğunu göstərir.

AMEA-nın 80 illiyi çərçivəsində Prezidentin çıxışı həm də dövlət–alim münasibətlərinin yeni mərhələsini ifadə edir. Son illərdə elmin maliyyələşdirilməsinin artırılması, gənc tədqiqatçıların xarici təhsil proqramlarına cəlb edilməsi, elmi nəticələrin iqtisadi tətbiqlərinə dəstək göstərilməsi — bütün bunlar sistemli dövlət siyasətinin nəticəsidir. Prezidentin sözlərinə görə, son on il ərzində elmin maliyyələşdirilməsi iki dəfədən çox artmış, elmi müəssisələrin maddi-texniki bazası gücləndirilmişdir.

İlham Əliyev alimlərə konkret məsuliyyət də yükləmişdir. O, elmi nəticələrin praktiki sferaya tətbiqinin vacibliyini vurğulayaraq bildirib ki, “elmimiz bu gün həm də praktiki nəticələr verməlidir, iqtisadiyyatla, sənaye ilə sıx əlaqədə olmalıdır.” Bu çağırış, elmin dövlətin iqtisadi inkişaf modelində mərkəzi yer tutmasının təzahürüdür.

Azərbaycanın postneft dövrünə keçidi və qeyri-neft sektorunun inkişafı fonunda elmin rolu daha da artmaqdadır. Elmi innovasiyalar, texnoloji istehsal və təhsilin inteqrasiyası ölkənin davamlı inkişafının təminatıdır. Prezidentin çıxışı bu baxımdan strateji mesaj daşıyır: dövlətin gələcək inkişafı yalnız təbii sərvətlərə deyil, həm də intellektual potensiala əsaslanmalıdır.
AMEA-nın yubiley tədbirində səslənən fikirlər həm keçmişin dəyərləndirilməsi, həm də gələcəyin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Akademiyanın tarixi nailiyyətləri, elmi məktəblərin formalaşması, Azərbaycanın beynəlxalq elmi arenada nüfuzunun artması ölkəmizin intellektual gücünün bariz göstəricisidir.

Prezident İlham Əliyevin bu çıxışı elmi siyasətin sadəcə bir dövlət prioriteti deyil, milli ideologiyanın tərkib hissəsi kimi formalaşdığını nümayiş etdirir. Azərbaycan alimlərinə ünvanlanan “ölkəmizin uğurlu inkişafına töhfə vermək” çağırışı isə gələcək elmi nəsillərin qarşısında strateji vəzifə qoyur. Bu, Azərbaycanın modern dövlətçilik modelində elmin, təhsilin və milli dəyərlərin sintezini təmin edən yeni ideoloji mərhələnin başlanğıcıdır.

Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası,məsləhətçı

Oxşar Xəbərlər

Back to top button