AnalitikaGündəm

Azadlığına qovuşan Cəbrayıl

Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Qədim tarixinə nəzər salsaq,  Cəbrayıl ərazisi Midiya, Əhəməni,  Albaniya dövlətlərinin tərkibində olmuşdur. Orta əsrlərdə Şəddadilərin, Hülakülərin, Teymurilərin, Qaraqoyunlu,  Ağqoyunlu, Səfəvilərin ərazisində mövcudluğunu saxlamış  və XVIII əsrin II yarısından və XIX əsrin əvvəllərinə kimi  Qarabağ xanlığının tərkibində olmuşdur. Çar Rusiyası dövründə əvvəlcə Şuşa qəzasına tabe olmuş,  sonra isə Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası olaraq formalaşmışdır.  İnzibati rayon olaraq  8 avqust 1930-cu ildə təşkil edilmişdir.

Birinci Qarabağ müharibəsi dövründə 23 avqust 1993-cü il tarixində  rayon Ermənistan ordusu tərəfindən işğal edilmiş,  1994-cü ilin əvvəlində keçirilmiş Horadiz əməliyyatı zamanı rayona bağlı  Cocuq Mərcanlıkəndi işğaldan azad edilmişdir. 2016-cı il Aprel döyüşlərində isə Cocuq Mərcanlı kəndinin şimal qərbində olan Lələtəpə yüksəkliyi erməni işğalından azad olunmuşdur. 2020-ci il 27 sentyabrda Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ilk olaraq Cəbrayıl rayonunun bir sıra yaşayış məskənləri işğaldan azad edilmişdir. O cümlədən İkinci Qarabağ müharibəsi dövründə, 4 oktyabr tarixində  işğaldan azad edilən ilk şəhərimiz Cəbrayıl şəhəri olmuşdur. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmiş, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir.

Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getmiş və döyüş meydanında böyük yaşayış məntəqələrini – Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini işğaldan azad edə bilmişdir.  Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Vətən müharibəsi başa çatdıqdan, torpaqlarımız işğaldan azad edildikdən sonra, ilk iş olaraq,  həmin ərazilərdə bərpa işləri aparılmağa başlandı. Cəbrayılın da  inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verildi və  ilk növbədəminalardan təmizləmə işləri aparıldı.  Çünki, xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi.  Minalardan təmizlənmə prosesi başa çatdıqdan sonra infrastruktur layihələrinin icrası dərhal başlandı.

Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır.Bu günə qədər heç bir yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini  aparmamışlar. Çünki, bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Azad edilmiş torpaqlarda  hər bir şəhərin baş planı təsdiq edilib və  hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulmuşdur. Gözəl, göz oxşayan evlər  dövlətimizin gücünü və   keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövlətinin  əlindən gələni əsirgəmədiyini göstərir. Qısa vaxt ərzində  Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verildi. 30 il ərzində dağıntılara məruz qalmış torpaqlarımızda  görülənbütün bu işlər bir daha onu göstərir ki, bu torpaqlara bu torpaqların əsl sahibləri qayıdıb. Təbiidir ki, bugünkü gün Azərbaycanın heç kimdən qorxmadan və çəkinmədən öz hüququnu bərpa etməsi xarici qüvvələri, xüsusilə də qərb dövlətlərini qıcıqlandırır. Amma həmin dövlətlər unutmasın ki, bizim xalqımız 30 il ərzində bütün beynəlxalq hüquq və konvensiyalara sadiq qalıb dinc yolla məsələnin həllini gözlədi. Gözləməyin heç bir nəticəsinin olmadığını görən xalq rəhbərinin ətrafında sıx birləşib canı bahasına,  haqqı olanı “44 gün” ərzində geri qaytardı. Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda  və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik. Dövlətimizin inkişafı və torpaqlarımızın müdafiəsi  yolundan bizi heç kim çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik..

Ülviyyə Məmmədova,
Xəzər rayonu, 26 nömrəli tam orta məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button