AnalitikaGündəmSiyasət

Azad edilmiş ərazilərdə konstitusion hüquqların bərpası və Böyük Qayıdış

Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkənin siyasi və hüquqi tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, uzun illər işğal nəticəsində pozulmuş vətəndaş hüquqlarının bərpası üçün də yeni imkanlar yaratdı. İşğal dövründə yüz minlərlə insan doğma torpaqlarından məcburi köçkün düşmüş, mülkiyyətindən və normal yaşayış şəraitindən məhrum olmuşdu. Bu səbəbdən, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa prosesi yalnız infrastruktur layihəsi deyil, həm də konstitusion hüquqların təmin olunması istiqamətində tarixi missiyadır.

Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşın yaşayış yerini seçmək, mülkiyyətə sahib olmaq, təhlükəsiz yaşamaq və sosial hüquqlardan istifadə etmək imkanlarını təsbit edir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində bu hüquqlar uzun müddət milyonlarla azərbaycanlı üçün faktiki olaraq məhdudlaşdırılmışdı. Doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıtmaq hüququ həm milli qanunvericilik, həm də beynəlxalq hüququn fundamental prinsipləri baxımından mühüm əhəmiyyət daşıyır.

2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər bu hüquqların bərpası istiqamətində həlledici mərhələ oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ildə ölkənin bütün ərazisində suverenliyin bərpasından sonra dövlətin vahid hüquqi və inzibati sisteminin təmin olunması üçün yeni şərait yarandı.

Azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri, yolların, hava limanlarının, yaşayış məntəqələrinin, məktəblərin və səhiyyə müəssisələrinin tikintisi Böyük Qayıdış proqramının əsas istiqamətləridir. Bu layihələr keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli yaşayış şəraitinə qayıtmasına xidmət edir. Eyni zamanda, ərazilərin iqtisadi dövriyyəyə qaytarılması, yeni iş yerlərinin yaradılması və sosial infrastrukturun qurulması regional inkişaf üçün mühüm imkanlar formalaşdırır.

Böyük Qayıdışın mahiyyəti yalnız insanların fiziki olaraq doğma torpaqlarına köçürülməsi ilə məhdudlaşmır. Əsas məqsəd həmin ərazilərdə konstitusion hüquqların tam təmin edildiyi, təhlükəsizliyin qorunduğu və dayanıqlı iqtisadi həyatın formalaşdığı müasir yaşayış mühiti yaratmaqdır. Bu proses Azərbaycanın dövlətçilik iradəsinin, sosial məsuliyyətinin və milli həmrəyliyinin mühüm göstəricisidir.

Sona Bəylərli,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button