Analitika

Azad edilmiş ərazilərdə bərpa işləri

Mart ayının 18-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Novruz bayramı ərəfəsində Tərtər rayonunun Talış kəndinə səfərlərinin, Novruz tonqalını bu azad məkanda alovlandırmalarının böyük rəmzi mənası var. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Xarici ölkələrdə yaşayan azərbaycanlılar da daxil olmaqla hər birimiz son iki il yarımda sonsuz qürur hissi keçiririk. Bu müddətdə hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik.

Artıq üçüncü ildir ki, xalqımız hər bir tarixi hadisəni, bayramı Qələbə ovqatı ilə, Zəfər ruhunda qeyd edir. Şanlı Zəfərimizdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri Böyük Qayıdışın tam şəkildə başa çatacağı günü daha da yaxınlaşdırır. Erməni işğalından 2020-ci il oktyabrın 3-də azad edilən Talış kəndində qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işləri göz önündədir.

Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürülüb. Dövlətimizin başçısı 2021-ci ildə Novruz tonqalını işğaldan azad edilmiş Şuşada, ötən il Suqovuşan qəsəbəsində, bu il isə Talış kəndində alovlandırdı. Bu, xalqımız üçün böyük xoşbəxtlikdir. Xalqımız bu sevincli anları 30 illik işğal dövründə səbirsizliklə gözlədi və bu unudulmaz anları yaşayacağına əmin idi.

Prezident İlham Əliyevin Talış kəndinə səfəri zamanı xalqa müraciəti Ermənistana və ona havadarlıq edən ölkələrə mesajlarla zəngindir. Bu günümüzün əsas çağırışı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Onlar yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. İşğal, müharibə, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Əgər sülh müqaviləsi Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Heç kim bizi durdura bilməz. İnşAllah yeni-yeni qələbələr bizi gözləyir.

Əsədov Nazim,
Xəzər rayonu, 256 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button