
Prezident İlham Əliyevin yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair müşavirədəki çıxışı, ölkənin enerji sektorundakı uğurlarını artıq infrastrukturun ən vacib sahələrindən biri olan su təsərrüfatına transfer etdiyini göstərir. Prezidentin toxunduğu ən mühüm yeniliklərdən biri Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihəsidir. Bu, Bakı və Abşeronun su qıtlığı riskindən tamamilə azad edilməsi üçün strateji addımdır. Su ehtiyatlarından səmərəli istifadə və bu sahədəki islahatlar yeni mərhələyə qədəm qoyur. İtkilərin azaldılması üçün ən müasir texnoloji həllərin tətbiqi tapşırılıb.
Paytaxtın kanalizasiya və yağış suları sistemlərinin ayrılması, sel sularının şəhər infrastrukturuna ziyan vurmasının qarşısının alınması proqramın vacib bəndlərindəndir. 10 illik bu proqram təkcə Bakının deyil, bütün regionun ekoloji balansını və əhalinin yaşayış keyfiyyətini köklü şəkildə yaxşılaşdıracaq bir “yol xəritəsi”dir. Azərbaycan artıq öz daxili resursları və güclü iradəsi ilə ən mürəkkəb mühəndislik layihələrini həyata keçirməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Cənab Prezidentin çıxışında vurğulandığı kimi, su təchizatı və kanalizasiya sistemləri milli təhlükəsizlik, ictimai sağlamlıq və iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır.
Bakı, Abşeron yarımadası və Sumqayıt ölkə əhalisinin böyük hissəsinin cəmləşdiyi, sənaye, nəqliyyat və xidmət sahələrinin intensiv inkişaf etdiyi regiondur. Bu səbəbdən sözügedən ərazilərdə su infrastrukturunun müasir tələblərə uyğun qurulması dövlət siyasətinin əsas prioritetlərindəndir. Bakı və Abşeron yarımadasında əhalinin sürətli artımı, yeni yaşayış massivlərinin salınması və iqtisadi fəallığın genişlənməsi mövcud su və kanalizasiya sistemlərinə əlavə yük yaradır. Eyni zamanda iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının azalması bu sahədə daha səmərəli və qənaətcil idarəetmə mexanizmlərinin tətbiqini zəruri edir. Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə bir daha göstərdi ki, Azərbaycan dövləti su təsərrüfatına lokal texniki məsələ kimi deyil, kompleks dövlət siyasəti kimi yanaşır.
Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi



