Analitika

Ayrı-ayrı ərazilərimizin bərpası ilə bağlı imzalanan sərəncamlar ölkəmizin ümumi inkişafına töhfə verir

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 30 illik işğala son qoyuldu. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli birgə Bəyanata uyğun olaraq, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilib. Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı.

Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən hesab olunur. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyyatları ilə fərqlənən rayonda emaledici sənayenin üzrə istehsalının təşkili mümkündür.

İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Qısa zamanda rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq.

Ümumilikdə, Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində həyat yenidən canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək.

İşğaldan azad edilmiş ərazilərimiz kimi, Laçın da həyatının yeni dövrünü yaşayır. Həm ayrı-ayrı ərazilərimizin bərpası ilə bağlı sərəncamlar imzalanır, eyni zamanda, ümumilikdə Dövlət proqramları və milli prioritetlər təsdiqlənir. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığı əsasında dünya hərb tarixində ilk dəfə olaraq Azərbaycan müharibə bitdikdən sonra dərhal bu torpaqlarda bərpa-quruculuq işlərinə start verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunmuş Laçın rayonuna 2021-ci il fevralın 14-də reallaşdırdıqları səfər dövlətimizin başçısının Güləbird kəndində Azərbaycan Bayrağını ucaltması ilə tarixə yazıldı. Bu mühüm hadisə Azərbaycanın Zəfər tarixinin ən önəmli məqamlarından biri oldu. Görülən işlər və büdcədən ayrılan vəsaitlər onu göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması dövlətimizin iqtisadi siyasətinin əsas tərkib hissəsidir.

Beləliklə, sonda bir daha vurğulamaq istərdim ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button