Avropanın enerji xəritəsində Azərbaycan əhəmiyyətli rol oynayır
Güclü dövlət olan Azərbaycan regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə güclü siyasi iradə nümayiş etdirir, həm də buna özünün sanballı töhfələrini verir. Respublikamızın təşəbbüsləri və moderatorluğu ilə reallaşdırılan bir sıra layihələr əslində Avropanın enerji xəritəsini dəyişib. Transmilli şirkətlərlə əməkdaşlıq şəraitində uğurla icra olunan bu layihələr sayəsində Azərbaycan Avropa İttifaqı (Aİ) məkanı üçün şaxələndirilmiş müasir nəql infrastrukturuna malik yeni və etibarlı mənbə sayılır.
Avropanın enerji xəritəsini dəyişən Azərbaycan, eyni zamanda, geniş Avrasiya coğrafiyasının yeni, daha müasir və daha səmərəli nəqliyyat xəritəsini formalaşdırır. Azərbaycanın coğrafi yerləşməsi elədir ki, ölkəmiz Şərqlə Qərb arasında təbii körpü rolunu oynayır. Müstəqillik illərində, ələlxüsus da son 19 ildə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında yaradılan yol-nəqliyyat infrastrukturu isə ölkəmizin üstünlüklərini daha da artırıb və Azərbaycanı Avrasiyanın mühüm tranzit hablarından birinə çevirib. Hər il ölkə üzrə təxminən min kilometr uzunluğunda avtomobil yolu əsaslı şəkildə yenidən qururlur. Bəhs olunan dövrdə respublikamızda yüzlərlə körpü, keçid inşa olunub. Ölkəmiz Xəzərdə ən böyük donanmaya malikdir. Hazırda Azərbaycanda 6 beynəlxalq səviyyəli hava limanı fəaliyyət göstərir. Daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılır. Artıq onlardan biri – Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, Zəngilan Beynəlxalq Hava Limanının inşası da tamamlanıb. Laçında yaradılan sayca üçüncü hava limanının inşası isə intensiv şəkildə davam etdirilir.
Zəngəzur dəhlizinin yaradılması regional əməkdaşlığın möhkəmləndirilməsi baxımından da böyük önəm daşıyır. 44 günlük müharibədə Azərbaycanın qazandığı Qələbənin nəticəsi olaraq regionda yeni əməkdaşlıq konfiqurasiyasının yaranması və onun funksionallığının təmin edilməsi Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin mühüm şərtlərindən biridir. O cümlədən yeni nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması bölgədə etimad mühitinin yaranmasında mühüm rol oynayacaq. Prezident İlham Əliyev 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına ünvanladığı təbrikində diqqəti Zəngəzur dəhlizinin önəminə çəkərək vurğulayıb: “İşğaldan azad olunmuş ərazilərdə təhlükəsiz yaşayışın təmini, şəhər, qəsəbə və kəndlərin tikintisi, strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, yerli və xarici dəyər zəncirlərinə inteqrasiya, habelə ətraf mühitin bərpası istiqamətində qabaqcıl nümunələr yaradılır. Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması isə regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək”. Zəngəzur dəhlizinin yaradılması Türk dünyasının birləşdirilməsi baxımından da çox önəmlidir. Prezident İlham Əliyev belə bir fikiri dəfələrlə diqqətə çatdırıb ki, zamanında müəyyən qüvvələr tarixi Azərbaycan torpaqlarını Ermənistana verməklə həm də Türk coğrafiyasının birliyinə zərbə vurublar, onu parçalayıblar. Bu məkrli plan məqsədli şəkildə həyata keçirilib. Zəngəzur dəhlizinin yaradılması ilə bu tarixi saxtakarlığa son qoyulacaq.
Fikrət Orucov,
YAP-ın gənc fəalı