Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar

Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Artıq soydaşlarımızın doğma yurd- yuvalarına qaytarılması prosesi başlayıb. Buna misal olaraq, avqustun 12-də də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 22 ailə – 106 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıdıqları Ağalı kəndlərinin sakinləridir. Bununla da, indiyədək Ağalı kəndində daimi məskunlaşdırılan ailələrin sayı 108-ə, əhalinin sayı isə 526 nəfərə çatacaq. Avqustun 5-də Füzuli şəhərinə də qayıdış başlayıb. Ailə tərkibinə uyğun olaraq mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə də keçmiş məcburi köçkünlərin qayıdışı da davam edir. İyulun 31-də 12 ailə- 53 nəfər köçürülüb. Avqustun 7-də də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın rayonunun Zabux kəndinə birinci mərhələdə köçürüləcək ailələr qeydə alınmışdır. Zabux kəndinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur. Zabux kəndində birinci mərhələdə beton zirzəmi-sığınacağı olan birmərtəbəli fərdi yaşayış evi inşa edilir. Bundan başqa, kənddə uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və digər obyektlər də tikilir. Avqustun 9-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 93 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 203 ailə, yəni 793 nəfərin daimi məskunlaşması təmin edilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bugünkü növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub. Laçın şəhərinə 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması nəzərdə tutulub.
Rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına yaratdığı imkan nəticəsində işğaldan azad olunan ərazilərə həyat qayıdır, soydaşlarımızın rahat, müasir tələblərə cavab verən mənzillərlə təmin olunması üçün zəruri olan bütün tədbirlər görülür. Güclü dövlət olan Azərbaycan “Böyük Qayıdış” proqramı çərçivəsində işləri daha da genişlənəcəkdir!
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi



