Analitika

Aparılan danışıqlar, təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir

Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Belarus Respublikası Azərbaycanın ənənəvi olaraq səmimi dostluq və əməkdaşlıq əlaqələrini saxladığı ölkələrdən biridir. 70 il ərzində keçmiş SSRİ tərkibində müttəfiq respublikalar kimi mövcud olmuş Belarus və Azərbaycan müstəqillik əldə etdikdən sonra öz aralarında diplomatik əlaqələri 1993-cü ildə qurmuşlar. Prezident İlham Əliyevin hakimiyyəti dönəmində bu əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ali qonaqların Qarabağa səfərləri ənənə halını alıb. Bu, işğalçının törətdiyi vandalizm aktlarını və Azərbaycan dövlətinin quruculuq və sülh gündəliyini nümayiş etdirməyə imkan verir. Bu baxımdan növbəti qonaq Belarus prezidenti Aleksandr Lukaşekno oldu. Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gəlib. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev Belarus Prezidentinə Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları barədə məlumat verdi. Bildirildi ki, “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da istifadəyə verilib. Ən müasir səviyyədə inşa olunan bu aeroport istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinə xidmət etməyə imkan verir. Zəngilan Beynəlxalq Hava Limanının açılışı 2022-ci il oktyabrın 20-də olub. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının inşasının bu il tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Bu hava limanları bölgəyə səfərə gələnlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verməklə, ümumilikdə Qarabağın və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.

Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqların yekunu üzrə jurnalistlərə açıqlamasında Azərbaycan son illərdə böyük uğurlara nail olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan son illərdə, hər şeydən əvvəl, əsas problemini həll etməklə (uzun müddət ərzində sadəcə səhraya çevrilən torpaqlarını qaytarmaqla) çox böyük uğura nail olub: “Bu, çox çətin hekayədir. Amma torpaqlar geri qaytarılıb, onları dirçəltmək lazımdır. Bu, yəqin ki, Azərbaycanın həll etməli olduğu çox uzun və heç də az çətin olmayan bir vəzifə olacaq”.

“Torpaqları qaytarmağınız, onları dirçəltməyiniz əsrlərlə yaddaşlarda qalacaq. Əgər bu böyük bərpa işlərində bizə yer tapsanız, biz bunu böyük məmnuniyyətlə edəcəyik. Üstəlik, qardaş Belarus və Azərbaycan xalqları arasında hörmət, həmçinin münasibətlərimiz sayəsində biz bunu dünyada heç kimin etməyəcəyi şəkildə edəcəyik”, – Belarus lideri vurğulayıb.

Belarus KTMT üzvüdür və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Artıq Dağlıq Qarabağ müharibəsi başa çatmışdır və Belarus həm MDB, həm də KTMT üzv dövləti olaraq Ermənistan-Azərbaycan arasında sülh prosesinin sürətli inkişafına öz töhfəsini verə bilər. Aydın məsələdir ki, ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın qələbəsi və işğal edilmiş ərazilərin geri qaytarılması bir çox dövlətlərin ölkəmizə marağını daha da artırmışdır. Belə ki, Belarus prezidenti Aleksand Lukaşenko da ölkəsinin post-konflikt zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirak etməsini dəstəkləyir. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var, rəsmi Minsk bu sahədə əhəmiyyətli rol oynaya bilər. Belə ki, bu ölkənin ÜDM-nin təxminən 6,78% -nı, ümumi ixracatın isə 20% -ni kənd təsərrüfatı təmin edir. Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxdılar.

Belarusla Azərbaycan arasında münasibətlərdə qapalı mövzular yoxdur, tərəflər dünyanın hara hərəkət etdiyini başa düşürlər. “Bizim qapalı mövzularımız yoxdur, hər şey açıqdır. Əgər kimsə bizim hansı məsələləri müzakirə etdiyimizi eşitsəydi, düşünərdi: bizim münasibətlərimiz necədir? Ən mehriban, ən yaxın. Biz qardaş kimi ünsiyyət qururuq, dünyanın hara hərəkət etdiyini bir başa düşürük. Mən təkbətək görüşümüzdə sizə Heydər Əliyev haqqında dedim: əgər o Azərbaycanın necə inkişaf etdiyini görsəydi…” – A.Lukaşenko bildirib.

Rəsmi Minsk və Bakı arasında əlaqələr geniş spektoru əhatə edir. Xüsusilə, təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək, kimi sahələri vurğulamaq lazımdır. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir, hərbi sahədə Azərbaycanla sıx əməkdaşlıq edir və Azərbaycana müxtəlif silahlar tədarük edir. Bu kontekstdə rəsmi Minsk ölkəmizin Hərbi Hava Qüvvələrinin arsenalında olan “S-125 Peçora” və “Osa” tipli zenit raket komplekslərinin modernləşdirilməsində aktiv rol oynayıb.

BMT-nin Adi Silahlar Registrinə (United Nations Register of Conventional Arms) istinadən Azərbaycan Belarusdan 153 ədəd T-72 tankı, 60 ədəd BTR-70, 158 ədəd haubitsa və 11 ədəd SU-25 döyüş təyyarəsi almışdır. Xatırlatmaq yerinə düşər ki, Rusiya istehsalı olan İskəndər taktiki ballistik raket sistemlərinin Ermənistan tərəfindən əldə edilməsindən və bu sistemlərin 2016-cı ildə keçirilən hərbi paradda nümayiş olunmasından sonra, Azərbaycan regionda hərbi balansı qorumaq məqsədi ilə Belarusdan “Polonez” əməliyyat-taktiki raket kompleksi almışdır.

Çox uzaq olmayan gələcəkdə Belarus-Azərbaycan münasibətlərinin yeni perspektivləri görünəcək, yeni müəssisələr və iş yerləri açılacaq, əməkdaşlığın yeni istiqamətləri müəyyənləşəcək. Əldə edilən razılıqlar və imzalanan sənədlər Azərbaycan-Belarus münasibətlərinin bundan sonra daha da yüksək dinamika ilə inkişaf edəcəyini söyləməyə tam əsas verir.

Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323 li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button