44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın edərək torpaqlarımızı azad etdi və beləliklə, ədalət, beynəlxalq hüquq bərpa olundu. Siyasi gücə, iradəyə malik Prezident İlham Əliyevin Sərkərdəlik məharəti ilə “Dəmir yumruğ”un zərbəsi nəticəsində əldə olunan Zəfər, Azərbaycan xalqını Müzəffər xalq kimi dünyaya tanıtdı və möhtəşəm qələbəmiz dünya hərb tarixinə yeni səhifələr yazdı. Xalq-iqtidar həmrəyliyinin mövcudluğu və güclü ordumuz böyük qələbəmizi şərtləndirən amillər sırasındadır. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də, dövlət başçımızın qətiyyəti, siyasi iradəsi, prinsipial mövqeyi ölkəmizə qarşı olan hücumları darmadağın etdi və ağır məğlubiyyətə uğrayan düşmən kapituliyasiya aktını imzalamağa məcbur oldu. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatı imzalandı. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan”.
2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın ən mühüm şərtlərindən biri erməni silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazilərindən çıxarılması idi. Tarix boyunca riyakarlığı, təcavüzkarlığı ilə tanınan Ermənistan yenidən öz sözünün üstündə durmadı və təxribatlarına davam etdi. Belə ki, 2021-ci ildə Laçın sərhəd-buraxılış məntəqəsi qurulanadək Ermənistanda istehsal olunmuş minalar Azərbaycanın Qarabağ bölgəsinə gətirilərək, kütləvi şəkildə müxtəlif yerlərdə basdırılmışdır. Müharibədən sonrakı dövrdə Azərbaycan tərəfi beynəlxalq platformalarda ermənilərin ərazilərimizdə mina terroruna və digər təxribatlarına lazımi hüquqi qiymət verilməsini dəfələrlə tələb etsə də, minaların basdırılması və mina xəritələrinin təqdim edilməməsi ilə bağlı Ermənistana kifayət qədər təzyiq göstərmədi.
Vətən müharibəsindən sonra ən qanlı toqquşma isə 2022-ci ilin 12-14 sentyabr tarixlərində baş vermişdir. Bu döyüşlərin səbəbi isə Ermənistan silahlı qüvvələri bölmələrinin 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi idi. Öz çirkin siyasətindən əl çəkməyən Ermənistan 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində təxribatlar törətdi. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərmişdi. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürdü.
Dövlətimizin başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini bildirmişdir.
Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması ölkəmizin növbəti uğuru kimi tarixə yazıldı.
Erməni separatçılarının quldur dəstələrinin bir il əvvəl sentyabrın 19-da törətdikləri xain terror aktı xalqımızı dərindən sarsıtdı. Azərbaycan Ordusunun elə həmin gün Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa zamanda uğurla başa çatması isə bütün sülhsevər insanları sevindirdi. Azərbaycan Ordusunun bir sutkada qazandığı qələbə nadir tarixi hadisədir. Azərbaycan tərəfi məlum Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması məqsədi ilə lokal xarakterli antiterror tədbirlərinə başladı.
Beləliklə, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam bərpa olundu.
Nəzərə almaq lazımdır ki, antiterror tədbirləri ağır relyefə malik olan dağlıq ərazilərdə gerçəkləşdirildi. Separatçı rejimin belə bir relyefdə hərbi arsenalını cəmi 24 saat ərzində təslim etdirmək böyük peşəkarlıq tələb edirdi. Azərbaycan Ordusu belə bir peşəkarlığı nümayiş etdirə bildi və 44 günlük Vətən müharibəsindən sonra dünyaya yeni nümunə təqdim etdi.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da məlum şərtlər altında lokal xarakterli antiterror tədbirlərinın dayandırılması barədə razılıq əldə olundu. Şərtlərə əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub, döyüş mövqelərindən və hərbi postlardan çıxdı, tam şəkildə tərksilah olundular. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, müdrik siyasətinin nəticəsidir ki, Azərbaycan tarixinə böyük uğurlar və nailiyyətlər həkk olunur. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, müharibə onların yadından çıxmamalıdır: “Unutmasınlar ki, dəmir yumruq yerindədir”.
Azərbaycan ərazi bütövlüyünü, bütün ərazilərində konstitusion hüquqlarını bərpa etdi. Qarabağda qeyri-qanuni xunta rejimi məhv edilərək, əsas separatçı liderlər həbs edildi. Azərbaycanın üçrəngli bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda dalğalanır.
Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Azərbaycanın 44 günlük müharibədə qələbəsinin legitimliyinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilməsi, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi, Prezident İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir.
Güləddin Dadaşov,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi, 62 ərazi partiya təşkilatının sədri, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini