AnalitikaGündəmSosial

Andına Sadiq Qalan Böyük Lider: Müstəqilliyimizin və Zəfərimizin Memarı

Tarix, millətin taleyini dəyişən, ona doğru yolu göstərən dahi şəxsiyyətləri heç vaxt unutmur. Azərbaycan xalqının yaddaşına silinmez izlərlə həkk olunmuş belə rəhbərlərdən biri, bəlkə də birincisi, Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin həyat yoluna, siyasi fəaliyyətinə nəzər salanda bircə məqam qırmızı xətt kimi keçir: andına, xalqına və dövlətinə sonsuz sədaqət. Sədaqət sadəcə bir söz deyil, xüsusilə də söhbət dövlət rəhbərindən gedirsə, bu, bütöv bir millətin gələcəyinə cavabdehlik daşımaq deməkdir. Heydər Əliyev hələ 1993-cü ildə, ölkənin ən çətin, parçalanma və məhv olma təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda müqəddəs Qurani-Kərimə və Konstitusiyaya əl basaraq and içmişdi. O, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyacağına, ömrünü bu xalqın rifahına həsr edəcəyinə söz vermişdi. Və zaman sübut etdi ki, Ulu Öndər bu andı sadəcə dillə demədi, hər bir cümləsini öz əməlləri ilə tarixə yazdı.

Ulu Öndərin andına sadiqliyi özünü onun atdığı hər bir strateji addımda göstərirdi. O, daxili xaosun qarşısını aldı, atəşkəsə nail oldu və dağılmaqda olan bir dövləti yenidən ayağa qaldırdı. “Əsrə bərabər” iqtisadi layihələrə imza atarkən də, beynəlxalq kürsülərdə Azərbaycanın səsini ucaldarkən də onun tək bir məqsədi var idi: Müstəqil Azərbaycanı əbədi etmək. O, hər zaman “Mən Azərbaycanın müstəqilliyini göz bəbəyim kimi qoruyacağam, canımdan keçməyə hazır olacağam” deyirdi və bu sözlər rəsmi bir nitqin parçası deyil, Ulu Öndərin qəlbinin səsi, xalqı qarşısındakı mənəvi hesabatı idi. Heydər Əliyev ən mürəkkəb siyasi böhranlar, daxili və xarici təzyiqlər qarşısında belə bir addım da geri çəkilmədi. Çünki onun güc mənbəyi xalqın ona olan inamı, özünün isə verdiyi vədə olan sadiqliyi idi.

Heydər Əliyevin andına sadiqliyinin ən ali zirvəsi isə onun gələcəyə hesablanmış uzaqgörənliyi oldu. O, başladığı böyük işlərin, yarımçıq qalan ən böyük arzusunun — Qarabağın azadlığının mütləq gerçəkləşəcəyinə inanırdı. Ulu Öndər öz andını elə bir möhkəm təməl üzərində qurmuşdu ki, onun siyasi kursunun layiqli davamçısı İlham Əliyev bu estafeti böyük uğurla davam etdirdi. Bu gün qürurla qeyd edə bilərik ki, Ulu Öndərin xalqı qarşısında içdiyi and tam mənası ilə yerini tapdı. Azad olunmuş Şuşada, Xankəndidə dalğalanan üçrəngli bayrağımız həm də rəhbərin öz andına, xalqın isə öz liderinin ideyalarına olan sədaqətinin ən möhtəşəm simvoludur. Heydər Əliyev andına sadiq qalaraq bizə sadəcə coğrafi sərhədləri olan bir ölkə deyil, rəhbər və xalq birliyinin necə sarsılmaz ola biləcəyini göstərən güclü bir dövlət miras qoydu. O, xalqına verdiyi sözü tutdu, xalq isə onu qəlbində əbədi yaşatmaqla öz andına sadiq qaldı.

Əliyeva Xədicə,
YAP Xətai rayon təşkilatı fəalı

Oxşar Xəbərlər

Back to top button