AnalitikaGündəmSosial

Ana dilinə göstərilən ali ehtiram: Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafındakı tarixi xidmətləri

Azərbaycan dili xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə yaşadan ən böyük sərvətlərimizdən biridir. Tarixin müxtəlif dövrlərində dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılsa da, bu sahədə ən böyük xidmətlərdən biri Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan dili dövlət müstəqilliyimizin əsas atributlarından biri kimi möhkəmlənmiş, hüquqi statusu təmin edilmiş və cəmiyyətin bütün sahələrində tətbiqi daha da genişləndirilmişdir.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın qarşısında duran ən mühüm məsələlərdən biri kimi milli-mənəvi dəyərlərin, o cümlədən ana dilinin qorunmasını ön plana çəkdi. Həmin dövrdə ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyətə baxmayaraq, Ulu Öndər Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və qətiyyətli siyasət həyata keçirdi. O, dəfələrlə vurğulayırdı ki, dil hər bir xalqın varlığını yaşadan, onun milli kimliyini qoruyan və gələcək nəsillərə ötürən ən müqəddəs mənəvi sərvətdir.

1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının təsbit olunması Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyinin və milli maraqlara əsaslanan dövlətçilik siyasətinin parlaq nəticəsi idi. Bununla Azərbaycan dili ilk dəfə müstəqil dövlətimizin Əsas Qanununda dövlət dili kimi öz layiqli yerini aldı və onun hüquqi statusu ən yüksək səviyyədə təmin edildi. Bu mühüm qərar yalnız hüquqi əhəmiyyət daşımırdı, eyni zamanda milli özünüdərkin, dövlət müstəqilliyinin və milli birliyin möhkəmləndirilməsi baxımından tarixi hadisə idi.

Heydər Əliyev ana dilinin inkişafını təkcə hüquqi çərçivə ilə məhdudlaşdırmırdı. Onun təşəbbüsü ilə Azərbaycan dilinin bütün dövlət qurumlarında, təhsil müəssisələrində, elm və mədəniyyət sahələrində tətbiqi genişləndirildi, latın qrafikalı əlifbaya keçid prosesi sürətləndirildi, Azərbaycan dilində kitab nəşri və klassik ədəbi irsin yenidən çapı istiqamətində mühüm layihələr həyata keçirildi. Bütün bunlar ana dilimizin zənginliyinin qorunmasına və inkişafına mühüm töhfə verdi.

Ümummilli Lider çıxışlarında dəfələrlə qeyd edirdi ki, xalqın milli sərvəti olan ana dilini qorumaq hər bir azərbaycanlının mənəvi borcudur. Onun fikrincə, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşı, milli düşüncəsi və mənəvi dünyasıdır. Məhz buna görə də Azərbaycan dilinin saflığının qorunması, onun yad təsirlərdən müdafiə olunması və gələcək nəsillərə olduğu kimi çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin müəyyən etdiyi dil siyasəti uğurla davam etdirilir. Azərbaycan dilinin qorunması, inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, dövlət dilinin tətbiqinin genişləndirilməsi, ədəbi dil normalarının qorunması və rəqəmsal informasiya məkanında ana dilimizin mövqeyinin möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı naminə gördüyü işlər milli dövlətçilik tariximizin ən mühüm səhifələrindən biridir. Onun müəyyənləşdirdiyi siyasi kurs nəticəsində Azərbaycan dili bu gün müstəqil dövlətimizin rəsmi dili, xalqımızın milli qürur mənbəyi və dünya azərbaycanlılarını birləşdirən ən güclü mənəvi bağ kimi öz əhəmiyyətini daha da artırmaqdadır. Ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işlər gələcək nəsillər üçün də etibarlı zəmin yaradır və Azərbaycan dilinin əbədi yaşamasına xidmət edir.

Mələk Mahmudlu,
YAP Xətai Rayon Təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button