AnalitikaGündəmSosial

Ana dili – milli kimliyimizin və dövlətçiliyimizin əbədi dayağı

Azərbaycan xalqının tarix boyu qoruyub saxladığı ən qiymətli mənəvi sərvətlərdən biri ana dilidir. Xalqın milli kimliyi, zəngin mədəniyyəti, tarixi yaddaşı və dövlətçilik ənənələri məhz dil vasitəsilə nəsildən-nəslə ötürülür. Buna görə də Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinə xüsusi həssaslıq və qayğı ilə yanaşır, onu müstəqil dövlətimizin əsas atributlarından biri kimi qiymətləndirirdi. Onun fikrincə, ana dili xalqın milli varlığını yaşadan, mənəvi dəyərlərini qoruyan və gələcək nəsillərə ötürən ən böyük sərvətdir. Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dili dövlət idarəçiliyində, təhsil sistemində, elm və mədəniyyət sahələrində layiq olduğu mövqeyə yüksəldi.

Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı ki, ana dilini qorumaq milli dövlətçiliyin möhkəmləndirilməsinin əsas şərtlərindən biridir. Onun Azərbaycan yazıçılarının X qurultayında söylədiyi “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” fikri bu gün də öz aktuallığını qoruyur. Bu müdrik fikir Azərbaycan dilinin xalqımızın milli birliyinin, mənəvi bütövlüyünün və dövlət müstəqilliyinin ayrılmaz tərkib hissəsi olduğunu aydın şəkildə ifadə edir.

Ulu Öndərin müəyyən etdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dilinin hüquqi bazasının möhkəmləndirilməsi, dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi, ədəbi dil normalarının qorunması, informasiya məkanında ana dilimizin düzgün istifadəsi və rəqəmsal dövrün tələblərinə uyğun inkişafı istiqamətində mühüm addımlar atılır. Həyata keçirilən bu siyasət Azərbaycan dilinin nüfuzunun yüksəldilməsinə və gələcək nəsillərə zəngin şəkildə ötürülməsinə xidmət edir.

Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı birləşdirən mühüm mənəvi dəyərdir. Ana dilimiz milli kimliyimizin qorunmasının, tariximizin yaşadılmasının və Azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsinin əsas vasitələrindən biri olaraq öz əhəmiyyətini daha da artırır.

Dilini sevən xalq öz tarixini, mədəniyyətini və dövlətçiliyini də qoruyur. Buna görə də Azərbaycan dilinin saflığını qorumaq, onu zənginləşdirmək, gənc nəslə düzgün öyrətmək və gündəlik həyatın bütün sahələrində ədəbi dil normalarına riayət etmək hər bir vətəndaşın mənəvi məsuliyyətidir. Ana dilimizə göstərilən ehtiram milli dəyərlərimizə, dövlətimizə və gələcəyimizə göstərilən ehtiramın ən bariz ifadəsidir.

Xədicə Əliyeva,
YAP Xətai Rayon Təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button