
Oktyabrın 9-da “H.Cavid pr.129” ünvanı üzrə (Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı elmi-praktik konfrans keçirilib.
Konfransda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elnarə Akimova, AMEA-nın vitse-prezidenti Gövhər Baxşəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının 12 İnstitutu üzrə ərazi partiya təşkilatlarının üzvləri iştirak edib.
Konfransdan əvvəl Azərbaycan Milli Konservatoriyasının inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib. Sonra Mərkəzi Elmi Kitabxanada təşkil olunmuş kitab sərgisinə baxış keçirilib.
Konfransda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxış edərək Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının müstəqil dövlətimizin ən ağır təhlükələrdən xilas olması, sivil əsaslar üzərində demokratik, hüquqi və dünyəvi bir dövlətin qurulması və möhkəmləndirilməsi üçün misilsiz fəaliyyətini diqqətə çatdırıb. Partiyanın VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra qarşıdakı dövr üzrə vəzifələrin yeni reallıqlar əsasında müəyyənləşdirdiyini bildirib. Prezident cənab İlham Əliyevin Qurultaydakı proqram xarakterli çıxışında ölkəmizin daxili və xarici siyasət strategiyasının yeni dövr üçün prioritetlərinin, strateji istiqamət və hədəflərinin müəyyən edildiyi vurğulanıb. İdeoloji məkanımızda yad ünsürlərə, yad təsirlərə heç bir halda yer verməməyin də bu vacib hədəflərdən biri olduğu bildirilib. Dövlətimizin başçısının Qurultayda çıxışı zamanı gələn il də minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılacağını elan etməsinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin qarşıdakı dövrdə də davam edəcəyini göstərdiyi qeyd olunub.
Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elnarə Akimova Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışında əksini tapan vəzifələrin YAP-ın gələcək fəaliyyəti üçün də yol xəritəsi oduğunu bildirib. Müasir informasiya mühitində cəmiyyətlə düzgün və çevik kommunikasiya aparılmasının xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Gənc nəslin dövlətçilik, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti ruhunda yetişdirilməsinin əhəmiyyətindən bəhs olunub. Həmçinin ideoloji fəaliyyətin müasir çağırışlara uyğun təkmilləşdirilməsinin, milli maraqların qorunması və Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin ictimaiyyətə düzgün çatdırılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, partiyanın yerli təşkilatları qarşıya qoyulan vəzifələrin icrasında fəallıq göstərməli, əhali ilə müntəzəm ünsiyyət qurmalı və ictimai təşəbbüslərin dəstəklənməsinə xüsusi diqqət yetirməlidirlər. Qeyd olunub ki, bu istiqamətlərdə sistemli və məqsədyönlü fəaliyyət Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolunun möhkəmləndirilməsinə və dövlətçilik ideyalarının daha geniş təbliğinə xidmət edir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dinamik inkişaf edən və möhtəşəm tarixi Zəfər qazanan ölkəmizin dünya birliyində böyük nüfuza malik olduğu qeyd edib. İdeoloji fəaliyyətin qurulmasında və Azərbaycan həqiqətlərinin daha geniş auditoriyalara çatdırılmasında, habelə ictimai maarifləndirmə işində YAP üzvlərinin fəal rol oynamasının vacibliyi vurğulanıb. Sosial media və kibertəhlükələrin yaratdığı yeni informasiya mühitinin cəmiyyətdə maarifləndirmə məsələlərinə xüsusi yanaşmanı zəruri etdiyi bildirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi partiya təşkilatlarının fəaliyyətində sistemli yanaşmanın və məsuliyyətin artırılmasını tələb edir. Bu baxımdan, yerli təşkilatlarda ideoloji işin məzmununun zənginləşdirilməsi, tədbirlərin aktual mövzulara uyğun təşkili və əldə olunan nəticələrin ictimaiyyətə dolğun şəkildə çatdırılması mühüm əhəmiyyət daşıyır. Xüsusilə gənclərin milli dövlətçilik ənənələrinə sadiqlik ruhunda yetişdirilməsi, onların informasiya savadlılığının artırılması və rəqəmsal mühitdə düzgün mövqe nümayiş etdirmələrinin təşviqi diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda, informasiya təhlükəsizliyinin qorunması, dezinformasiya və təhrif olunmuş məlumatlara qarşı maarifləndirici fəaliyyətin gücləndirilməsi partiya üzvlərinin qarşısında duran vacib vəzifələrdəndir. Bəxtiyar Nəbiyev vurğulayıb ki, bu istiqamətlərdə ardıcıl və məqsədyönlü fəaliyyət Azərbaycanın milli maraqlarının müdafiəsinə, dövlətçilik ideyalarının təbliğinə və cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsinə töhfə verəcəkdir.
Çıxış edən Akademiyanın Ədəbiyyat İnstitutunun elmi işçisi Şəbnəm Mirzəzadə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqi partiyanın gələcək fəaliyyət istiqamətlərini və qarşıda duran əsas vəzifələri müəyyənləşdirən mühüm siyasi əhəmiyyətə malikdir. Qurultaydan irəli gələn məsələlərin həyata keçirilməsi çərçivəsində ideoloji fəaliyyətin gücləndirilməsi, dövlətçilik prinsiplərinin təbliği və Azərbaycanın qazandığı tarixi Zəfərin əhəmiyyətinin ictimaiyyətə çatdırılması xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin mahiyyəti və ölkəmizin davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhali arasında ardıcıl şəkildə təbliğ olunmalıdır.
Konfransın sonunda Yeni Azərbaycan Partiyasının Himni səslənidirilib, xatirə şəkli çəkdirilib.




