Ağdamın işğalı
Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. 2010-cu ilin noyabr ayında ermənöi separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır.Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilmişdir. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmiş, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır.
2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.
Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub. Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.
2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gün. Bu tarix xalqımız üçün qürur günüdür. Torpaqlarımız düşmən tapdağından azad edilib. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu.
Ağdamlılar həm birinci, həm də ikinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuş və çoxlu şəhidlər vermişlər. Bütün şəhidlərimizə Allah rəhmət etsin, Azərbaycan xalqı həmişə onların xatirəsini əziz tutacaq.
Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir.
Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur,şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. Ötən müddət ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdamda səfərdə olublar. Rayonda bir çox tədbirlərdə və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin – ağdamlıların yolunu gözləyir.
Əkbərova Hüsniyyə,
Xəzər rayonu, 92 N-li tam orta məktəbin müəllimi