AnalitikaGündəm

Ağdam – işıqlı ev

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

I Qarabağ müharibəsində Ağdam uğrunda 44 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdu. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdı.

Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılması”na çağırış etmişdi. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etmiş, orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilmişdi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayınmışdı. Əksinə güc sahibi olan dövlətlərin “ikili standartlar” çərçivəsində davrandığını görən işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətmişdi. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirsə də, dünya birliyi yalnız sənəd üzərində, sözlə Ermənistanı işğal etdiyi əraziləri tərk etməyə səsləmiş, lakin Ermənistanı buna məcbur buraxacaq hərbi-iqtisadi sahədə heç bir əməli tədbirlər həyata keçirməmişdilər.

Dünyanın “demokratik” dövlətlərinin bizə inandırmağa çalışdığı dinc yolla problemi həll etməyin mümkünsüz olduğunu görən Azərbaycan Respublikasının rəhbərliyi özü bu ədalətsizliyi kökündən həll etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilmiş və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınmışdı. “Ağdamın azad olunmasına görə” medalı 2020-ci il noyabrın 26-da təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Şanlı zəfərimizin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.

İşğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdi. Şəhərə, sanki, nüvə silahı atılmış, Ağdam şəhəri yer üzündən silinmiş, çöllük bir əraziyə çevrilmişdi. Bu səbəbdəndir ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Hirosiması adlandırıblar. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa olunması nəzərdə tutulub. Azadlığın ilk günündən etibarən artıq bərpa işlərinə start verilmiş, Ağdam şəhərində Dövlət Bayrağı ucaldılmış, Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının, “Park Forest Otel Ağdam” mehmanxanasının, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin,  Xıdırlı kəndinin, Kəngərli kəndinin, “City Hotel Agdam” mehmanxanasının, Dəmir yolu və Avtovağzal Kompleksinin, Sarıcalı kəndinin təməlqoyma mərasimi keçirilmiş, Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi olmuşdu.

2023-cü ildə “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyası, Bərdə-Ağdam avtomobil yolunun açılışı, Ağdam şəhərində salınacaq dördüncü yaşayış kompleksinin, Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin, Ağdam şəhər Mərkəzi parkının, Ağdamın Qiyaslı kəndinin, Ağdam rayonunun Salahlı Kəngərli kəndinin, Baş Qərvənd kəndinin təməlqoyma mərasimi, Ağdam rayonunda Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimi baş tutmuşdu. 2024-cü ildə də aparılan ardıcıl yenidənqurma tədbirləri əsasında Ağdam Cümə məscidinin bərpadan sonra, Ağdam Sənaye Parkında yeni zavodların, Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra, “Aghdam City Hotel”in açılışı, Ağdamın Xıdırlı kənd tam orta məktəbinin, Ağdam rayonunun Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı və Eyvazxanbəyli kəndinin,  “İmarət” stadionunun təməlqoyma mərasimi keçirilmişdi.

Ardıcıl və sürətli şəkildə aparılan bu tədbirlər, təbii ki, hələ Böyük Qayıdışın ilk addımlarıdır. Biz əminik ki, Cənab İlham Əliyevin göstərişi və bilavasitə nəzarəti altında həyata keçirilən iqtisadi-siyasi işlər nəticəsində Ağdam nəinki əvvəlki görkəmini bərpa edəcək, müasir dövrün qabaqcıl şəhərlərindən birinə çevriləcəkdir.

Qafarova Tünzalə,
Xəzər rayonu, Z.Ağayev adına
241 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button