
Hər bir xalqın tarixini, mübarizəsini və gələcəyə olan ümidini özündə yaşadan dəyərlər var. Bizim üçün bu dəyərlərin ən ucası üçrəngli Azərbaycan bayrağıdır. 9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, müstəqillik sevgisini və Vətənə bağlılığını ifadə edən xüsusi gündür.
Göy, qırmızı və yaşıl rənglərdən ibarət bayrağımız hər baxanda insana güc verir. Göy rəng türk kökümüzü, qırmızı rəng inkişaf və müasirliyi, yaşıl rəng isə İslam mədəniyyətinə bağlılığımızı ifadə edir. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduz da dövlətimizin kimliyini, milli-mənəvi dəyərlərini əks etdirir.
Tariximizin qürurlu simvolu
Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci ildə qəbul edilən üçrəngli bayraq xalqımızın azadlıq arzusunun simvoluna çevrildi. Həmin dövrdə dövlətimiz qısa müddət yaşasa da, onun yaratdığı dəyərlər xalqın yaddaşından heç vaxt silinmədi. 1991-ci ildə müstəqilliyimiz bərpa olunanda üçrəngli bayrağımız yenidən göylərdə dalğalanmağa başladı.
Bu bayraq uğrunda minlərlə insan canından keçib. Xüsusilə Qarabağın azad olunması uğrunda şəhid olan qəhrəmanlarımız bayrağımızı ən uca zirvələrə qaldırdılar. Şuşada, Xankəndidə və azad edilmiş bütün torpaqlarımızda Azərbaycan bayrağının dalğalanması hər bir vətəndaş üçün böyük fəxr hissidir.
Gənclərin məsuliyyəti
Gənc nəsil olaraq bayrağımıza yalnız bayram günlərində deyil, hər zaman hörmətlə yanaşmalıyıq. Onu sevmək təkcə sözlə yox, yaxşı oxumaqla, ölkəmizə faydalı olmaqla, tariximizi və mədəniyyətimizi qorumaqla mümkündür. Azərbaycanın gələcəyi bizim davranışımızdan, biliyimizdən və Vətənə olan sevgimizdən asılıdır.
Dövlət bayrağımız dünyaya Azərbaycanın müstəqil, güclü və qürurlu ölkə olduğunu göstərir. Bu bayrağa baxanda keçmişimizin mübarizəsini, bu günümüzün uğurlarını və gələcəyimizin ümidlərini görürük.
Üçrəngli bayrağımız – milli qürurumuz və birliyimiz
Dövlət bayrağı yalnız bir ölkəni digər ölkələrdən fərqləndirən rəmz deyil. O, xalqın birliyini, milli kimliyini, tarixi yaddaşını və müstəqillik iradəsini özündə birləşdirən müqəddəs dövlət atributudur. Azərbaycan bayrağı da əsrlər boyu formalaşmış milli dəyərlərimizin, azadlıq istəyimizin və dövlətçilik ənənələrimizin ifadəsidir. Bu bayrağın altında birləşən xalqımız çətin sınaqlardan keçərək öz müstəqilliyini qoruyub saxlayıb və bu gün daha güclü gələcək qurmaq istiqamətində inamla addımlayır.
Bu gün üçrəngli bayrağımızın beynəlxalq tədbirlərdə, idman yarışlarında, diplomatik görüşlərdə və müxtəlif ölkələrin paytaxtlarında dalğalanması hər bir azərbaycanlıda qürur hissi yaradır. Bu, sadəcə bir rəmzin yüksəlməsi deyil, Azərbaycanın dünyada tanınması, nüfuzunun artması və dövlət müstəqilliyimizin möhkəmlənməsinin göstəricisidir. Xüsusilə azad edilmiş torpaqlarımızda bayrağımızın dalğalanması xalqımızın illərlə gözlədiyi arzuların gerçəkləşməsinin, milli iradəmizin və birliyimizin təntənəsidir.
İnanıram ki, gələcək nəsillər də bu bayrağın daşıdığı mənanı dərindən anlayacaq, onu qorumağı özlərinin mənəvi borcu hesab edəcəklər. Çünki bayrağa sahib çıxmaq Vətənə, dövlətə və xalqın tarixinə sahib çıxmaq deməkdir. Biz gənclər də üzərimizə düşən məsuliyyəti dərk edərək savadlı, vətənpərvər və dövlətinə bağlı vətəndaşlar kimi yetişməli, ölkəmizin inkişafına öz töhfəmizi verməliyik.
9 Noyabr – Dövlət Bayrağı Günü hər birimizə bir daha xatırladır ki, üçrəngli bayrağımız bizim şərəfimiz, qürurumuz, milli birliyimizin və müstəqilliyimizin rəmzidir. Bu bayraq keçmişdən gələcəyə uzanan tariximizin, xalqımızın sarsılmaz iradəsinin və azad yaşamaq əzmimizin ifadəsidir. Onun hər zaman uca zirvələrdə dalğalanması isə ən böyük arzularımızdan biridir.
Qoy üçrəngli Azərbaycan bayrağı daim yüksəklərdə dalğalansın, müstəqilliyimiz əbədi, dövlətçiliyimiz sarsılmaz olsun!
Şamilli Turabəxanım,
YAP Nərimanov rayon təşkilatının gənc fəalı



