AnalitikaGündəmSiyasət

9 noyabr – Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, müstəqillik iradəsini və tarixi qürurunu özündə birləşdirən müqəddəs dövlət rəmzlərindən biridir. Üçrəngli bayrağımız azadlıq və istiqlal mübarizəmizin, milli birliyimizin, suverenliyimizin simvoludur. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü xalqımızın öz dövlətinə, milli dəyərlərinə və müstəqilliyinə bəslədiyi sonsuz sevgi və ehtiramın ifadəsidir. Bu əlamətdar gün hər bir azərbaycanlıya dövlət bayrağımızın daşıdığı tarixi mənanı, onun uğrunda aparılmış mübarizəni və qorunmasının nə qədər böyük məsuliyyət olduğunu bir daha xatırladır.

Azərbaycanın üçrəngli bayrağının tarixi 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə sıx bağlıdır. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edilmişdir. Bayrağın rəngləri Azərbaycan xalqının dünyagörüşünü və dövlətçilik fəlsəfəsini özündə əks etdirirdi. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi, demokratiyanı və inkişafı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğu ifadə edirdi. Aypara və səkkizguşəli ulduz isə milli-mənəvi dəyərlərimizin və tarixi kimliyimizin rəmzi kimi bayrağımızın ayrılmaz hissəsinə çevrilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız rəsmi dövlət rəmzi statusunu itirsə də, xalqımızın azadlıq və müstəqillik arzusu bu müqəddəs rəmzdə yaşamaqda davam etdi.
Ulu Öndər Heydər Əliyevin 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi təşəbbüsünü dəstəkləməsi və müvafiq qərarın qəbul olunmasına nail olması bu baxımdan tarixi əhəmiyyət daşıyırdı. Həmin qərarla Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi və Azərbaycan SSR Ali Soveti qarşısında onun dövlət rəmzi kimi tanınması məsələsi qaldırıldı.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə üçrəngli bayraq yenidən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edildi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız öz azadlığına və suverenliyinə qovuşdu. Beləliklə, üçrəngli bayrağımız müstəqil Azərbaycan dövlətinin əsas rəmzlərindən biri kimi öz layiqli yerini tutdu. Bu tarixi prosesdə Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarına sədaqəti, siyasi uzaqgörənliyi və qətiyyətli mövqeyi xüsusi qeyd olunmalıdır.
Müstəqillik illərində Azərbaycan dövlətinin siyasətində dövlət rəmzlərinin qorunması və təbliği daim prioritet istiqamətlərdən biri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev dövlət bayrağımıza hörmət və ehtiramın yüksəldilməsi, onun milli birliyin və dövlətçilik şüurunun əsas simvollarından birinə çevrilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Dövlət başçısının təşəbbüsü ilə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması bu siyasətin mühüm təzahürlərindəndir.
2007-ci il noyabrın 17-də Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncam imzalamış, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdur. 2010-cu il sentyabrın 1-də meydanın açılış mərasimi keçirilmişdir. Həmin mərasimdə dünyanın ən hündür bayraq dirəyində Azərbaycanın Dövlət Bayrağı ucaldılmışdır.
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət Bayrağı Gününün təsis edilməsi həm də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinə verilən yüksək qiymətin göstəricisidir.
Son illərdə Azərbaycan bayrağının daşıdığı məna və əhəmiyyət daha da artmışdır. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, Azərbaycanın ərazi bütövlüyünün bərpası və 2023-cü ildə dövlət suverenliyimizin tam təmin olunması üçrəngli bayrağımızın tarixində yeni və şanlı səhifə açmışdır. Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, dövlət bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində dalğalanmağa başlamışdır.
Bu gün üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin, Böyük Qayıdış prosesinin, yeni həyatın və inkişafın rəmzi kimi dalğalanır. Qarabağ və Şərqi Zəngəzurda salınan yeni yaşayış məntəqələri, inşa olunan yollar, məktəblər, xəstəxanalar, sənaye və sosial infrastruktur obyektləri dövlətimizin gücünü və gələcəyə yönəlmiş strateji baxışını nümayiş etdirir. Bu torpaqlarda dalğalanan Azərbaycan bayrağı həm də şəhidlərimizin əziz xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq və doğma yurdlarına qayıdan insanların sevincinin ifadəsidir.
9 noyabr – Dövlət Bayrağı Günü sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün xalqımızın keçdiyi mürəkkəb tarixi yolun, müstəqillik uğrunda apardığı mübarizənin, qazandığı tarixi Qələbələrin və milli birliyinin təntənəsidir. Üçrəngli bayrağımız keçmişimizlə bu günümüz arasında mənəvi körpü olmaqla yanaşı, gələcək nəsillərə ötürülən azadlıq və dövlətçilik əmanətidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş Azərbaycanın bayrağı bu gün qalib xalqın, güclü dövlətin və müstəqil gələcəyin rəmzi kimi yüksəklərdə dalğalanır.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button