
Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, onlar zaman keçdikcə öz əhəmiyyətini daha da artırır, milli yaddaşımızın ən şərəfli səhifələrinə çevrilir. 8 Noyabr – Zəfər Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycan xalqının iradəsinin, milli birliyinin, dövlətimizin qüdrətinin və ordumuzun qəhrəmanlığının təntənəsidir. Zəfər Günü xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyan, ölkəmizin ərazi bütövlüyünün bərpasına aparan tarixi Qələbənin rəmzi kimi hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur.
Bu möhtəşəm Qələbənin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyətli rəhbərliyi və strateji baxışı müstəsna əhəmiyyət daşıdı. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan uzun illər ərzində iqtisadi, siyasi və hərbi potensialını gücləndirmiş, milli maraqlarını müdafiə etmək üçün möhkəm zəmin yaratmışdı. Vətən müharibəsi zamanı xalqın və dövlətin vahid amal ətrafında birləşməsi, ordumuzun döyüş meydanında qazandığı uğurlar və Ali Baş Komandanın qətiyyətli mövqeyi tarixi Qələbəni təmin edən əsas amillər oldu.
Zəfər Günü qeyd edilərkən Vətən uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etmək hər birimizin mənəvi borcudur. Onlar öz həyatlarını xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü və dövlətimizin suverenliyi naminə qurban verdilər. Qazilərimizin göstərdiyi fədakarlıq, döyüş meydanında nümayiş etdirdikləri cəsarət və iradə xalqımızın yaddaşında daim yaşayacaqdır. Bu gün azad edilmiş torpaqlarda dalğalanan Azərbaycan bayrağı şəhidlərimizin bizə əmanət qoyduğu ən müqəddəs dəyərlərdən biridir.
Azərbaycanın qazandığı Zəfər yalnız hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası və beynəlxalq hüququn prinsiplərinin təmin olunması baxımından mühüm hadisədir. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi ölkəmizin suveren hüquqlarının reallaşdırılması istiqamətində həlledici mərhələ oldu. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin tam bərpası ilə bu tarixi proses başa çatdı. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edən qalib dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoydu.
Zəfər Günü həm də gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyətə malikdir. Gənclərimiz bu tarixi Qələbənin hansı çətinliklər və fədakarlıqlar hesabına əldə olunduğunu dərindən bilməli, şəhidlərimizin qəhrəmanlığını və qazilərimizin mübarizə əzmini daim xatırlamalıdırlar. Tarixi yaddaşın qorunması, milli-mənəvi dəyərlərə hörmət və dövlətçilik ənənələrinə sədaqət gənc nəslin formalaşmasında mühüm rol oynayır. Zəfər tarixi gələcək nəsillərə Vətəni sevməyin, onu qorumağın və dövlətin maraqlarına xidmət etməyin ən böyük nümunəsidir.
8 Noyabr – Zəfər Günü bizim üçün sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin qəhrəmanlığı, əsgərlərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi ilə bağlı olan böyük milli bayramdır. Bu şanlı tarix hər bir azərbaycanlının qəlbində qürur, fəxarət və minnətdarlıq hissləri doğurur. Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, üçrəngli bayrağımız daim yüksəklərdə olsun!
Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini



