Analitika

44 günlük Vətən Müharibəsi Azərbaycanın şanlı tarixidir

Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşılandı. İlk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında sıx birləşdi. Dövlət-xalq, xalq-dövlət bir yerdə oldu. Barmaqlar dəmir yumruqda birləşib düşmənin başına endirilən sarsıdıcı zərbəyə çevrildi. Tarixi ədalət zəfər çaldı. Üçrəngli şanlı bayrağımız yenidən doğma torplarımızda ucaldıldı. Haqq savaşımız əzmkar oğullarımızın polad iradəsi sayəsində 44 gün ərzində qələbə ilə başa çatdı. Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi.

Vətən müharibəmiz şanlı Qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi. Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı.

Torpaq uğrunda canını fəda edən vətən övladı ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır. Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətlərə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar. Bu mərtəbəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu nədir bilməyən, igid, ləyaqətli insanlar yüksələ bilirlər. Vətən, xalq, dövlət uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını, xalqın tarixi yaddaṣına həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib, qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar.

Azərbaycan xalqı hər zaman torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş ṣəhidlərimizin xatirəsini uca tutur və onlarla fəxr edir. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, enilməzlik, qəhrəmanlıq simvolumuzdur. İkinci Qarabağ müharibəsində qələbə həm də Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin şücaəti, peşəkarlığı, qorxmazlığı, böyük Vətən sevgisi hesabına əldə olundu. 30 ildir xalqımızın həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə milli bayrağımızı sancmaq Azərbaycan xalqının, əsgər və zabitlərimizin ən böyük arzusu oldu. Vətən uğrunda şəhid olanlar heç zaman unudulmayacaq, daima qəlblərdə yaşayacaq.

Sultanzadə Gülər,
Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyasının fəalı.

Oxşar Xəbərlər

Back to top button