AnalitikaGündəmSiyasət

Cəbrayıl – qayıdışın və dirçəlişin simvolu

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycan xalqının yaddaşında qürur və sevinc hissləri ilə qeyd olunan əlamətdar tarixlərdən biridir. Bu gün təkcə bir şəhərin bayramı deyil, həm də xalqımızın mübarizə əzminin, Vətən sevgisinin və tarixi ədalətin təntənəsinin ifadəsidir.

Cəbrayıl rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla zəngin tarixi-mədəni irsə malikdir. Uzun illər ərzində işğal altında qalan bu torpaqlar 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusunun şücaəti nəticəsində azad edildi. 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhərinin işğaldan azad olunması ölkəmizin hərbi-siyasi tarixində mühüm dönüş nöqtələrindən biri oldu. Bu qələbə xalqımızın öz doğma torpaqlarına qovuşacağına olan inamını daha da gücləndirdi.

Bu gün Cəbrayıl yeni inkişaf mərhələsini yaşayır. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri şəhərin müasir görkəmdə yenidən qurulmasına xidmət edir. Müasir infrastruktur layihələri, yaşayış məntəqələrinin salınması, yol və kommunikasiya xətlərinin çəkilməsi bölgənin sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaradır.

Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər doğma yurdlarına qayıdan insanların rifahının təmin edilməsinə, bölgədə dayanıqlı yaşayışın formalaşdırılmasına yönəlib. Cəbrayılın yenidən dirçəldilməsi Azərbaycan dövlətinin gücünü, xalqımızın iradəsini və gələcəyə inamını nümayiş etdirir.

Cəbrayıl Şəhəri Günü münasibətilə hər bir azərbaycanlı qürur hissi keçirir. Bu əlamətdar gündə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını minnətdarlıqla xatırlayırıq. Məhz onların fədakarlığı sayəsində bu gün azad Cəbrayılın inkişafından və gələcəyindən danışmaq imkanı qazanmışıq.

Əminliklə demək olar ki, Cəbrayıl yaxın illərdə regionun ən müasir və inkişaf etmiş şəhərlərindən birinə çevriləcək, öz tarixi ənənələrini yaşadaraq Azərbaycanın tərəqqisinə mühüm töhfələr verəcəkdir.

Yunis Eyyubov,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button