AnalitikaGündəm

4 Oktyabr – Cəbrayılın qurtuluş günü

Bu gün 2020-ci il tarixindən etibarən Azərbaycan xalqının təqvimində əhəmiyyətli bir tarix olaraq yadda qalıb. Bu gün Cəbrayıl şəhərinin mənfur düşmən tapdağından azad olunduğu gündür. Bu səbəbdən ölkə başçımız Cənab İlham Əliyev cari ilin bu günündə Cəbrayıl şəhərinə səfər etmişdir. Səfər zamanı öz çıxışında şəhərin azad olunmasının tarixi əhəmiyyətini özündə ehtiva edən çıxış etmişdir. Dövlət başçısı öz çıxışında qeyd etmisdir ki, “Bu gün Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümüdür. Bundan sonra biz hər il bu gözəl günü qeyd edəcəyik. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi.

Silahlı Qüvvələrimiz şəhərin azad edilməsi uğrunda böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir. Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirilmişdir. O da çox böyük peşəkarlığa malik olan əməliyyatdır. Düşmənin orada çox möhkəm istehkam mövqeləri var idi, özü də bütün təpələrdə onlar yerləşmişdi, Cəbrayılda da, həmçinin. Şəhəri azad etmək üçün bizim qəhrəman övladlarımız bir neçə müdafiə xəttini yarmalı idi və bunu edə bilmişdilər.

Bunun ardınca Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatmışdır və yolumuz həm Şuşaya, həm Zəngilan və Qubadlı istiqamətinə açılmışdır. Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getmiş və döyüş meydanında böyük yaşayış məntəqələrini – Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad edə bilmişik. Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Şəhər düşmən işğalından azad edildikdən sonra Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır. Hələ Sovet hakimiyyəti vaxtında olan yol yenidən qurulmuşdur. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana qədər, Qubadlıya qədər və oradan da Laçına qədər davam edir.

Azad olunmuş Cəbrayıl şəhərində gözəl, gözoxşayan evlər inşa edilmişdir. Bu evlər həm dövlətimizin gücünü göstərir, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir. Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. Artıq indi isə görülən bütün bu işlər bir daha onu göstərir ki, bu torpaqlara bu torpaqların əsl sahibləri qayıdıb. Şəhər işğaldan azad ediləndə Cəbrayılda demək olar ki, cəmi iki bina qalmışdı. Orada da erməni hərbçiləri yerləşmişdi. Şəhərdə törətdikləri vəhşiliklərin müqabilində Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur.

Amma biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Ermənistanla dil tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək. Bu azmış kimi ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Bu çirkin müraciət bizim iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır.

Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Biz ancaq öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq. Bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar, tirajlayırlar, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında. Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər.

Qərb Cənubi Qafqazı rahat buraxmalıdır. Əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Ermənistan təhlükəli oyunlara qoşulub və İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik. Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın. Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişik.

Bu gün biz azad edilmiş torpaqlarda yaşayırıq. Bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda – bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir və biz Böyük Qayıdış Proqramını uğurla icra edirik. Əzablı dövr artıq keçmişdə qaldı. Təqribən 300 minə yaxın, bəlkə də çox keçmiş köçkün 2020-ci ilə qədər normal şəraitlə təmin edilmişdir. Ancaq ondan da çox insan ağır vəziyyətdə yaşamışdır.”

Ləman Babayeva,
Xəzər rayonu, 292 nömrəli məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button