
Hər bir siyasi təşkilatın yaranmasının arxasında müəyyən tarixi zərurət dayanır. Yeni Azərbaycan Partiyasının yaranması da məhz belə bir zərurətdən irəli gəlirdi. 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyinin ən ağır sınaqlarından keçirdi. Ölkədə siyasi hərc-mərclik hökm sürür, hakimiyyət böhranı dərinləşir, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, cəmiyyət isə gələcəyə inamını itirmək təhlükəsi ilə üzləşirdi. Belə bir vaxtda Azərbaycanın güclü siyasi rəhbərliyə, təcrübəli dövlət xadiminə və ölkəni böhrandan çıxara biləcək aydın siyasi strategiyaya ehtiyacı var idi.
Cəmiyyətin diqqəti təbii olaraq Heydər Əliyevin üzərində cəmləşmişdi. Onun zəngin dövlətçilik təcrübəsi, siyasi nüfuzu və idarəçilik bacarığı ölkəni düşdüyü ağır vəziyyətdən çıxara biləcək yeganə yol idi. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalının «Səs» qəzetində dərc olunan müraciəti bu gözləntilərin ifadəsi oldu. Ziyalılar Heydər Əliyevə yeni siyasi partiyanın yaradılmasına rəhbərlik etməsi üçün müraciət etdilər. Ulu Öndər bu müraciətə etinasız qalmadı və noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı, Heydər Əliyev onun sədri seçildi.Beləliklə, YAP sadəcə yeni bir siyasi təşkilat kimi deyil, Azərbaycanın taleyinə biganə qalmayan insanların bir araya gəldiyi siyasi qüvvə kimi meydana çıxdı. Partiyanın yaranması ölkədə dəyişiklik istəyinin, sabitliyə və güclü dövlətə olan ictimai tələbatın ifadəsi idi.
Heydər Əliyevin siyasi dühası məhz ən mürəkkəb şəraitdə düzgün qərar vermək, hadisələrin gedişini qabaqcadan qiymətləndirmək və milli maraqları hər şeydən üstün tutmaq bacarığında özünü göstərirdi. 1993-cü ilin iyununda onun ölkə rəhbərliyinə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunması baxımından həlledici hadisəyə çevrildi. Ölkədə sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi inkişafın əsaslarının yaradılması və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi» isə Azərbaycanın gələcək iqtisadi inkişafının əsasını qoyan tarixi qərarlardan biri oldu.
Heydər Əliyev təkcə böyük siyasi lider deyil, həm də gələcəyə hesablanmış baxışı olan dövlət xadimi idi. O, qurduğu dövlətçilik modelinin və müəyyən etdiyi inkişaf kursunun davamlılığını mühüm məsələ hesab edirdi. 2003-cü ildə İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə bu kurs yeni mərhələdə davam etdirildi. 2005-ci ildə İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsi isə partiyanın fəaliyyətində yeni dövrün başlanğıcı oldu.
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı yeni miqyas aldı. Ölkənin iqtisadi imkanları genişləndi, enerji layihələri beynəlxalq əhəmiyyət qazandı, şəhər və rayonların infrastrukturu yeniləndi, ordunun döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirildi. Ən əsası isə Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlət siyasətinin prioritet istiqaməti olaraq qaldı. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə bu siyasətin ən mühüm nəticələrindən biri oldu. 2023-cü ildə Azərbaycanın bütün ərazisi üzərində suverenliyinin tam bərpası isə ölkənin müasir tarixində yeni mərhələ açdı. Bununla da Heydər Əliyevin müəyyənləşdirdiyi güclü dövlətçilik və ərazi bütövlüyü ideyaları İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitdə reallaşdırıldı.
Bu gün Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinə nəzər salarkən onun tarixinin Azərbaycanın müstəqillik salnaməsindən ayrı olmadığını görürük. Partiya ölkənin ən çətin dövründə yarandı, Heydər Əliyevin rəhbərliyi ilə siyasi təşkilatlanma və dövlət quruculuğu prosesində mühüm yer tutdu, İlham Əliyevin sədrliyi ilə fəaliyyətini yeni dövrün tələblərinə uyğun davam etdirdi. Əlbəttə, 34 illik yol yalnız keçmiş nailiyyətləri xatırlamaq üçün deyil, gələcək qarşısında dayanan məsuliyyəti də dərk etmək üçün bir fürsətdir. Dəyişən dünya, yeni siyasi və iqtisadi reallıqlar, cəmiyyətin artan gözləntiləri siyasi təşkilatların da daim yenilənməsini tələb edir. Bu baxımdan YAP-ın qarşısında dövlətçilik ənənələrini qorumaqla yanaşı, müasir çağırışlara uyğunlaşmaq və cəmiyyətlə əlaqələrini daha da gücləndirmək vəzifəsi dayanır.
Beləliklə, bu gün 34 yaşını qeyd edən Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əslində, Azərbaycanın son onilliklərdə yaşadığı mürəkkəb dəyişikliklərin, mübarizənin və inkişafın bir hissəsidir. Heydər Əliyevin müəyyən etdiyi yoldan başlanan bu siyasi tarix İlham Əliyevin rəhbərliyi ilə davam edir. Əsas məsələ isə bu irsin gələcək nəsillərə ötürülməsi, dövlətçilik ənənələrinin qorunması və Azərbaycanın qarşısında duran yeni hədəflərə inamla irəliləməsidir.
Fazil Məhəmmədov,
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü



