31 Mart – Azərbaycanlıların Soyqırımı Günü
Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir. Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalmışlar. Xalqımızın çoxəsrlik tarixi kobudcasına saxtalaşdırılmış, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir. Tarix boyu erməni daşnaklarının türklərə – azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının və terror aktlarının sayı-hesabı yoxdur. Ermənilərin içində türklərə qarşı qaynayıb daşan kin, nifrət əsrlər boyu zərrə qədər də azalmayıb, əksinə, daha da artıb. Ötüb keçən illər onları ağlasığmaz vəhşiliklər törədəcək səviyyəyə yüksəldib. Ermənilər “dənizdən dənizə böyük Ermənistan” arzusunun gerçəkləşməsi uğrunda uzun illərdən bəri əllərindən gələni etsələr də, bu arzu xəyal olaraq qalmaqdadı. Zaman çox şeyi dəyişə-dəyişə geriyə baxmadan irəli gedir. Xam xəyallarla yaşayan ermənilər daim saxta tarixlər uyduraraq zamanı dayandırmaq, onu geri döndərmək istəyirlər. Erməni saxtakarlığından, ermənilərin xülyalarını əks etdirən qurama tarixdən alim və mütəxəssislərimiz çox yazıblar. Artıq bu mövzu təkcə öz alim və araşdırmaçılarımızın deyil, dünyanın başqa xalqlarının ziyalı və tarixçilərinin də diqqətini cəlb edir. 20-ci əsrdə azərbaycanlıların kütləvi qırğını 1905-1907-ci illərdə Bakı, Naxçıvan, Zəngəzur, İrəvan və digər tarixi Azərbaycan torpaqlarında həyata keçirilib. 1917-ci ilin dekabrından 1918-ci ilin martınadək daşnak erməni silahlı qüvvələri 197 Azərbaycan kəndini dağıdıb, əhalinin bir hissəsi öldürülüb, digər hissəsi evlərindən qovulub.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb. Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Bir çox qədim binalar, o cümlədən Bakının ən gözəl memarlıq abidələrindən olan İsmailiyyə binası, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyaları və ziyarətgahlar top atəşinə tutularaq dağıdılmış, Təzəpir məscidinin minarələri ağır zədə almış, Şamaxıda qədim Cümə məscidi yandırılmışdır.
Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. On minlərlə azərbaycanlı ermənilərin törətdikləri vəhşiliklərin qurbanı olmuşdur. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və talan edilmiş, qadın, uşaq və yaşlılar da daxil olmaqla, dinc əhaliyə divan tutulmuşdur. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 199 kənd yerlə-yeksan edilmiş, 132 min azərbaycanlı amansızlıqla qətlə yetirilmişdir. Mart faciələrinin baş verdiyi günlərdən bizi müəyyən zaman kəsiyi ayırsa da, vaxtilə o hadisələrin canlı şahidi olmuş insanların dedikləri nəsildən-nəslə hələ də ötürülməkdədir. Təkcə 2007-ci ilin aprelində Quba şəhərində aşkarlanan soyqırımı məzarlığı 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin həyata keçirdikləri qətliamların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirən dərin faktlardır. 100 il bundan əvvəl Qubada baş verən qırğınlar haqqında qubalılar çox məlumatlıdırlar. O faciəli günlərin acı xatirələri yaddaşlardan hələ də silinməyib. Əksinə, getdikcə daha da dərindən öyrənilir, hər bir azərbaycanlı o dəhşətli faciələrdən xəbərdar olmağa çalışır. Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardıqları ardıcıl etnik təmizləmə, soyqırım və təcavüz nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb. 1998-ci il mart ayının 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman əsasında azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasına siyasi-hüquqi qiymət verilmişdir. Martın 31-i hər il “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur.
Son illər bu istiqamətdə aparılan araşdırmalar nəticəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar edilmişdir. Həmin ərazidə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ermənilərin günahsız azərbaycanlılara qarşı vandalizm hərəkətlərini əyani sübutlarla özündə əks etdirir.
1918-ci ildə on minlərlə dinc insanın kütləvi şəkildə etnik və dini mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirilməsi, bu cinayət əməlinin öncədən planlaşdırılmış və mərhələli şəkildə həyata keçirilməsi, o cümlədən bu kimi cinayət əməllərinin Azərbaycanın müxtəlif ərazilərində törədilməsi faktları məhz soyqırımı cinayəti kimi təbliğ edilməlidir.
BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, soyqırımı insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri soyqırım aktıdır.
Təəssüf ki, 1918-ci ildəki azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri beynəlxalq miqyasda hələ də öz siyasi-hüquqi qiymətini almamışdır.
Rzayeva Gülnar,
Xəzər rayon MKS-nin əməkdaşı