“1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqilliyin, sabitliyin və davamlı inkişafın təməlinin qoyulduğu gündür. Xilaskar missiyası ilə böyük siyasətə qayıdan Heydər Əliyevin daxili və xarici siyasəti sayəsində uzun illərin hakimiyyətsizliyinə, anarxiyaya, etnik seperatçılığa son qoyuldu. Azərbaycanın dövlətçiliyi məhvolma təhlükəsindən birdəfəlik xilas oldu.”
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov bildirib.
Rəşadət Xalıqov bildirib ki, Ulu öndərin çoxşaxəli siyasəti tezliklə öz bəhrələrini verdi. Azərbaycan beynəlxalq aləmdə demokratik imicini qoruyub saxlamaqla dünya birliyinin tam və bərabər hüquqlu üzvünə çevrildi. Heydər Əliyev sübut etdi ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, dövlətin həyatında əhəmiyyətli rola malikdir:
“Ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrilib. Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirib. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir”.
Onun sözlərinə görə, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qaydışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı. Beynəlxalq əlaqələrdə, xüsusilə Azərbaycan – Türkiyə əməkdaşlığında yeni mərhələ açıldı. Elmi əsaslarla beynəlxaq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli ordu formalaşdı. Torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı və bunun nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyəti olan atəşkəsə nail olundu. Bununla Azərbaycanın gənc, sağlam qüvvələrinin mənasız yerə qırılmasının qarşısını aldı. Genefondumuz xilas edildi. Bu xalqımızın yaşaması və gələcəyə olan ümidi demək idi.
Rəşadət Xalıqov diqqətə çatdırıb ki, 1993–2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. 2003-cü ildən sonrakı dövr isə böyük yolun davamı kimi dəyərləndirilir. Əlbəttə ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də 3 oktyabr 1993-cü ildən başlayan yolun, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsinin məntiqi nəticəsidir.