28 May tarixi Azərbaycan tarixində dönüm nöqtəsi idi

28 May – Respublika Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət – 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də – Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Sonradan Ulu Öndərin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla həmin gün – 22 noyabr ədliyyə qulluqçularının peşə bayramı günü kimi təsis olunub.Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanda daxili ictimai-siyasi sabitlik möhkəmlənməyə başladı. Azərbaycanın dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələri quruldu. 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox böyük şirkətlər arasında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi və gələcək layihələr üçün yol açdı. Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyası qəbul edildi. Ölkədə iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparıldı, dövlətimiz sürətli inkişaf yoluna qədəm qoydu. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan dövləti iqtisadi və siyasi böhrandan çıxmış oldu. İqtisadi, sosial, ictimai həyatda aparılan islahatlarla yanaşı Azərbaycanın milli ordusu – Silahlı Qüvvələr yaradıldı.Heydər Əliyev həmin dövr haqqında bəyanatında bildirir: “AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaq. Ən əsası odur ki, AXC az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məmməd Əmin Rəsuzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyiski, Həsən bəy Ağayev, Nəsibbəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov və digər ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir”.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı