Analitika

28 may ikiqat bayramdır

Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi,həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm – bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib.

Bu görüşün 28 May tarixində təşkil edilməsinin böyük rəmzi mənası olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”.

Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan sakinlərə evlərin açarlarını təqdim edib…

Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq, qayıdacağıq!

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib.

2011-ci il dekabrın 24-də ad günündə laçınlı köçkünlərlə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki görüşünü xatırladan İlham Əliyev deyib: “Əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu”.

Bu mərasimin Laçında mayın 28-də – Müstəqillik Günündə keçirilməsinin əhəmiyyətini vurğulayan dövlət başçısı qeyd edib ki, bunun böyük rəmzi mənası və bu gün ikiqat bayramdır: “Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm… Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir”.

Prezident diqqətə çatdırıb ki, cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub: “İlk 20 ailə artıq dünəndən (27 may – red.) Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək…”.

Dövlət başçısı daha sonra deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.

Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda yaradılmaqda olan bütün şəhər və kəndlərimiz təxminən bax bu səviyyədədir. Dünən Kəlbəcər və Laçın rayonlarında yeni yaradılan və yaxın gələcəkdə istifadəyə veriləcək kəndlərin təməlqoyma mərasimlərində iştirak etmişəm. Yəni, azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır. Yəni, bu, bir daha onu göstərir ki, biz – o torpaqların sahibləri gəlmişik qurmaq üçün, yaratmaq üçün. Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub, özü də yaşamayıb, bizə də yaşamağa imkan verməyib. Biz isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə yerləşdirmişik və üçüncü yaşayış yeri, hara ki keçmiş köçkünlər qayıdır, Laçın şəhəri olub. Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik”.

Prezident xatırladıb ki, Laçın şəhəri Azərbaycanın tam nəzarətinə 2022-ci ilin avqustunda qayıdıb. Sentyabr ayında dövlət başçısı Laçın şəhərinə gəlib. Sentyabrın sonundan quruculuq işlərinə start verilib: “Siz yaxşı bilirsiniz ki, İkinci Qarabağ müharibəsi başa çatanda Laçın, Kəlbəcər və Ağdam rayonunun böyük hissəsi hələ də işğal altında idi. Müharibə zamanı dəfələrlə deyirdim ki, Ermənistan rəhbərliyi mənə tarix verməlidir, bizim torpaqlarımızdan öz qoşunlarını nə vaxt çıxaracaq, ancaq o təqdirdə biz müharibəni dayandıra bilərik. Şuşa işğaldan azad olunandan, bir çox kəndlər azad olunandan sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atmışdır. Əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistan arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idilər. Beləliklə, Laçın şəhəri hələ də faktiki olaraq işğal altında idi və məhz noyabrın 10-na qədər gedən danışıqlar nəticəsində mən təkidlə nail oldum ki, yeni yol çəkiləcək və yeni yol çəkiləndən sonra Laçın şəhəri bizə qaytarılacaq. Yolun razılaşdırılması üçün üç il vaxt müəyyən edilmişdi, sadəcə olaraq, yolun marşrutunun razılaşdırılması üçün. Biz nəinki bunu razılaşdırdıq, eyni zamanda, ilyarım ərzində bu yolu inşa etdik və avqustun əvvəlində artıq Laçında yaşamış ermənilərə və Rusiya sülhməramlı qüvvələrinə bildiriş göndərdik ki, biz artıq gəlirik, xahiş edirik, buradan çıxın. Ondan sonra bizdən xahiş olundu ki, müəyyən vaxt verilsin, avqustun 25-nə qədər vaxt verilsin və ondan sonra onlar Laçını, Zabux və Sus kəndlərini boşaldacaqlar. Mən isə razılaşdım, çünki 20 gün o qədər də böyük fərq deyil. Beləliklə, avqustun 25-də sonuncu erməni işğalçı, yaxud ki, qanunsuz yaşayan Laçını tərk etdi və avqustun 26-da biz Laçına qayıtdıq.

Bax, bu, bir daha onu göstərir ki, hər bir qarış torpaq bizim üçün əziz və doğmadır. Hər şəhər, hər kənd bizimdir və torpaqdan pay ola bilməz. Danışıqlar zamanı müxtəlif mərhələlər olub, müxtəlif məqamlar olub. Təzyiqlər də olub, hədələr də olub və bəziləri bizi işğalla barışmaq üçün böyük səylər göstərirdilər. Ancaq bizim əyilməz mövqeyimiz, iradəmiz bütün bu səyləri alt-üst etmişdir. Mən deyirdim ki, heç bir güzəşt ola bilməz. “Beş rayon bizə qaytarılsın, iki rayon qalsın əbədi ermənilərin nəzarəti altında” – bu, mümkün deyil. Biz bir kəndi də güzəştə getmək fikrində deyildik və bu gün bunu sübut etdik”.

Kərimova Sevinc,
Xəzər rayonu, 123 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button