27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub

27 Sentyabr – Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının könüllülük layihəsinin iştirakçısı olan gənclər və Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi nəzdində fəaliyyət göstərən “Ekskursiya” klubunun üzvləri Hərbi Memorial Məzarlıqda şəhidlərimizin məzarlarını ziyarət ediblər.
Aktualinfo Media Qrup xəbər verir ki, ziyarət zamanı tədbir iştirakçıları Vətənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsini ehtiramla yad edib, məzarların üzərinə tər qərənfillər düzüblər. Şəhidlərin ruhuna dualar oxunub, onların göstərdiyi misilsiz şücaət və fədakarlıq dərin minnətdarlıqla xatırlanıb.
Gənclər 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdə canını fəda etmiş qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolunu bir daha ehtiramla anıblar. Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsini uca tutmaq və onların göstərdiyi qəhrəmanlığı gələcək nəsillərə ötürmək hər bir gəncin mənəvi borcudur.
Anım ziyarəti Hərbi Memorial Məzarlıqda şəhidlərimizin xatirəsinə ehtiram duruşu və xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.




