AnalitikaGündəmSiyasət

25 Noyabr – Kəlbəcər Şəhəri Günü

25 Noyabr – Azərbaycan xalqının tarixi yaddaşında, milli qürur və Zəfər salnaməsində xüsusi yer tutan əlamətdar günlərdən biridir. Bu tarix Kəlbəcər şəhərinin işğaldan azad olunmasının ildönümü kimi qeyd edilir. Kəlbəcər Şəhəri Günü xalqımızın doğma torpaqlarına qayıdış arzusunun gerçəkləşməsini, tarixi ədalətin bərpasını və dövlətimizin qüdrətini təcəssüm etdirir.

Kəlbəcər Azərbaycanın ən füsunkar guşələrindən biridir. Zəngin təbiəti, uca dağları, saf bulaqları, sıx meşələri, mineral su ehtiyatları və tarixi-mədəni abidələri ilə seçilən bu diyar ölkəmizin təbii sərvətlər xəzinəsində mühüm yer tutur. Kəlbəcər həm də qədim tarixi, zəngin mədəniyyəti və özünəməxsus adət-ənənələri ilə tanınır.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər uzun illər doğma yurd həsrəti ilə yaşayan sakinlərinin yaddaşında dərin nisgilə çevrilmişdi. İşğal nəticəsində şəhər və rayonun yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni irsə ciddi ziyan vurulmuş, minlərlə insan doğma torpaqlarından didərgin salınmışdı.

2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, həmin il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bu hadisə Azərbaycan tarixinin mühüm siyasi və hərbi nailiyyətlərindən biri oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər xalqımızın birliyinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətinin parlaq təzahürü idi.

2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə Kəlbəcərin yenidən dirçəlişinin, dövlət suverenliyimizin və milli qürurumuzun rəmzinə çevrildi. Üçrəngli bayrağımızın doğma Kəlbəcərdə dalğalanması hər bir azərbaycanlının qəlbində böyük sevinc və iftixar hissi yaratdı.

Bu gün Kəlbəcərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Müasir infrastrukturun yaradılması, avtomobil yollarının çəkilməsi, yaşayış evlərinin və sosial obyektlərin tikintisi, elektrik və kommunikasiya sistemlərinin qurulması şəhərin gələcək inkişafına xidmət edir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə sakinlərin qayıdışına başlanılması bu prosesin mühüm mərhələlərindən biridir.

Kəlbəcər Azərbaycanın turizm potensialı baxımından da böyük əhəmiyyətə malikdir. İstisu mineral bulaqları, ecazkar dağ mənzərələri, zəngin flora və faunası bu bölgəni ölkəmizin ən cəlbedici turizm məkanlarından birinə çevirir. Təbii sərvətlərin qorunması, tarixi abidələrin bərpası və ekoloji tarazlığın təmin edilməsi bölgənin davamlı inkişafı baxımından mühüm vəzifələrdəndir.

25 Noyabr – Kəlbəcər Şəhəri Günü yalnız bir şəhərin azad olunmasının ildönümü deyil, həm də doğma yurda bağlılığın, milli birliyin, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Kəlbəcərin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların qəhrəmanlığı heç vaxt unudulmayacaq.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər Şəhəri Günü elan edilməsi bu tarixi hadisənin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Kəlbəcər yenidən qurulur, dirçəlir və öz sakinlərini doğma qoynuna alır. Uca dağların qoynunda yerləşən bu qədim diyarın hər bir küçəsi, hər bir daşı xalqımızın tarixindən, mübarizəsindən və qələbəsindən xəbər verir. Kəlbəcərin yenidən çiçəklənməsi dövlətimizin gücünün, xalqımızın birliyinin və Böyük Qayıdışın uğurunun bariz nümunəsidir.

Ramil Babayev,
YAP Şirvan şəhər təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button