23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti
XIX əsrdən başlayan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində də əsaslı dəyişikliklərə gətirib çıxardı. Birinci Dünya Müharibəsi gedişində Rusiyada baş verən burjua demokratik inqilabı nəticəsində imperiyanın süqutu onun müstəmləkə xalqlarına milli müstəqillik əldə etmək imkanı yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması üçün münbit tarixi zəmin meydana gəldi. 1918-ci il fevralın 23-də yaradılmış Zaqafqaziya Seymində Azərbaycanı təmsil edən deputatlar – Azərbaycan Milli Şurasının üzvləri Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Nəriman Nərimanov, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əsgər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmmədyusif Cəfərov, Xudadat Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şaxtaxtinski, Firudin bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrovpaşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikyeqanov, Mirhacı Molla Axundzadə mayın 28-də Azərbaycan Milli Şurası adından bir gün əvvəl Azərbaycan Xalq Cümhuriyyətini yaratdıqlarını elan etdilər. Bu, bütün Şərq xalqları tarixində dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Avropanın Şərqində yaradılan ilk parlamentli demokratik respublika idi. 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilən çox ciddi tədbirlər nəticəsində bütün dövlətçilik atributları olan müstəqil bir respublikanın yaradılması həqiqətən tarixi bir hadisə idi. Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi Bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini dünyaya bildirdi.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi iki ilə yaxın müddət ərzində fəaliyyət göstərsə də, onun qısa müddət ərzində həyata keçirdiyi tədbirlər XX əsrin sonunda xalqımıza milli dövlətçilik ənənələrini bərpa etməkdə siyasi və mənəvi məktəb olmuşdur. Ən əsası isə o, xalqımızda azadlıq, müstəqillik hisslərini daha da gücləndirmişdir. Azərbaycan xalqının tarixi nailiyyətlərindən danışarkən natiqlər qeyd etmişlər ki, respublikamız ilə bağlı “ilk” sözünü işlətməyə haqqımız vardır. Belə ki, Şərqdə ilk teatr, ilk opera, ilk parlamentli dövlət, qadınlara ilk səsvermə hüququnun verilməsi həqiqətən xalqımızın dünya mədəniyyəti və ictimai-siyasi düşüncəyə malik olduğunun bariz nümunəsidir.Xalqımız özünün tarixini, mədəni keçmişini, adət-ənənəsini heç vaxt unutmamışdır. Məhz dövlətimizin qüdrəti də elə bundadır. Sovet İttifaqının qadağaları çərçivəsində yaşasaq da, ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçiləndən sonra özündə güc və cəsarət taparaq Naxçıvanda Cümhuriyyətin bayrağını qaldırdı.
Konfransda vurğulanmışdır ki, bu gün ölkəmizin müasir dövrü və Xalq Cümhuriyyətinin hansı şəraitdə nəyə qadir olduğu barədə beynəlxalq aləmdə geniş təbliğat işləri aparılmalıdır və bu istiqamətdə tədbirlər görülür.
Gülzar Qocayeva,
Xəzər rayonu, Ziya Ağayev adına 241 saylı məktəbin müəllimi