AnalitikaGündəm

2023-cü il 19-20 sentyabr əməliyyatı erməni separatizminə Azərbaycan torpaqlarında birdəfəlik son qoydu

Xalqımızın tarixinə şanlı qələbələr ayı kimi düşən sentyabr həm Qarabağda azadlıq müharibəsinin başlanması, həm də ərazi bütövlüyümüzün bərpası kimi düşüb. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci və 2023-cü illərin sentyabrında tarix yazdı. 2020-ci il sentyabrın 27-də 30 il torpaqlarımızı işğal altında saxlayan və daim silahlı təxribatlar törədən Ermənistan hərbi qüvvələrinə qarşı əks hücuma keçildi və nəticədə regionun hərbi, geosiyasi mənzərəsi kökündən dəyişdi. İllərlə Azərbaycan ərazilərində hərbi istehkamlar quran, möhkəmlənən erməni separatçılar 44 gün ərzində darmadağın edildi. Kapitulyasiya aktına imza atmağa məcbur edilən separatçıların ölkə ərazisindən tamamilə çıxarılması və regionda davamlı sülhün bərqərar olunması prosesi müharibədən sonra diplomatik – antiterror tədbirləri ilə öz həllini tapmaqla münaqişəli vəziyyət kökündən həll edildi. 44 günlük Vətən müharibəsi regionda geosiyasi vəziyyəti dəyişməklə, beynəlxalq müstəvidə yeni reallıqlar yaratmaqla, dünya güclərinin regiona aqressiv yanaşması ilə müşahidə olunmaqdadır. 44 günlük zəfər savaşının yaratdığı reallıqlar, geosiyasi, hərbi əhəmiyyəti barədə hələ uzun illər danışılacaq və müzakirə aparılacaq. Buna gedən yol isə sadə olmadı, minlərlə qurban, gərgin fəaliyyət və diplomatik işlə həyata keçirildi. Antiterror əməliyyatına gedən yol Sonuncu, 2023-cü il 19-20 sentyabr əməliyyatı erməni separatizminə Azərbaycan torpaqlarında birdəfəlik son qoydu və bu baxımdan, böyük əhəmiyyət kəsb edir. Şübhəsiz ki, 2020-ci ildə olduğu kimi, bu əməliyyatı zəruri edən Ermənistanın məqsədli şəkildə həyata keçirdiyi təxribatçı hərəkətlər oldu. Bütün xəbərdarlıqlara rəğmən, qanunsuz xunta rejimini qoruyub saxlayan İrəvan onun maliyyələşdirmə prosesini həyata keçirirdi. Belə ki, bu məqsədlə hər il yüzmilyonlarla dollar vəsait qondarma rejimin büdcəsinə ötürülürdü. Ermənistan hökuməti tərəfindən göstərilən bu dəstək təkcə maliyyə sahəsini deyil, eyni zamanda hərbi, siyasi, ideoloji və digər sahələri də əhatə edirdi. Əlbəttə, bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə tamamilə zidd addımlar idi.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button