Analitika

20 Sentyabrda suverenliyimizi bərpa etmişik

Bildiyiniz kimi, 19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan silahlı qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı. Münaqişə Azərbaycan silahlı qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılıdı. Azərbaycanın Müdafiə Nazirliyinin Anti-terror əməliyyatı adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavənd rayonu ərazisində mina partlayışları oldu və nəticədə Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9 nəfər həyatını itirdi. Ümumilikdə, hərbi əməliyyatlar zamanı regionda rəsmi məlumatlara görə, Azərbaycan Silahlı Qüvvələrinin 202 hərbi qulluqçusunu həyatını itirmiş, 511 hərbi qulluqçusu isə yaralanmışdı.

24 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Razılığa əsasən Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərindən çıxmalı, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, paralel formada bütün silah-sursat təhvil verilməli və bütün bu proseslər Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada aparılması təmin edilməlidir. Həmçinin sentyabrın 21-də Qarabağın erməni əhalisinin nümayəndələri ilə Yevlaxda görüşün baş tutacağı da qeyd edildi. Sentyabrın 28-də isə “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını bəyan etdi. Bundan əvvəl isə separatçı qurum silahları və hərbi texnikanı Azərbaycana təhvil verməyə başlayıb.

Xalqımız 30 il gözlədi ki, vəziyyət öz xeyrinə həll olunsun – BMT Təhlükəsizlik Şurasının qətnamələri, dövlət başçılarının və beynəlxalq təşkilatların müsbət bəyanatları toplandı. Bunlar faydasız oldu. Sonra 2020-ci ildə 44 gündə vəziyyəti öz xeyrinə çevirdi. Və yenidən. Üç il gözlədi, dövlət başçılarından ərazi bütövlüyünün tanınması ilə bağlı təminat topladı və Qarabağdakı “seçkiləri” kimin pislədiyinə baxdı. Faydasızdır. İndi bir gündə nəhayət məqsədinə çatdı.

Beləliklə, bu gün Azərbaycanın layiqli qələbə günüdür! Qarşıda bizi Qələbəmizi müdafiə etmək üçün şərəfli və uzunvədəli mübarizə gözləyir. Lakin inanırıq ki, işğalı aradan qaldıran millət bu vəzifənin də öhdəsindən gələcəkdir!

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button