AnalitikaGündəm

20 Sentyabr – Dövlət Suverenlik Günü

Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan ordusu  dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı ilə Azərbaycan beynəlxalq hüquqi zəfər çalaraq öz gücünü bir daha dünyaya göstərdi.

İkinci Qarabağ müharibəsində 90 mindən çox azərbaycanlı iştirak etmiş və 3200- dən  çox qəhrəman şəhidlik zirvəsinə ucalmışdır. 44  gün ərzində Ordumuz hər gün irəli gedərək  bir addım belə geri atmadan  cəsarətlə vuruşdu. Ermənistanda 1200-dən çox fərari olmasına baxmayaraq, Azərbaycan ordusu hər gün zəfər çalaraq irəliləyirdi. Qələbənin qazanılmasında təkcə fiziki yox, həm də mənəvi üstünlüyə ehtiyac var. “Mənəvi üstünlük olmasa , milli düşüncə olmasa, heç bir  güclü ordu belə heç vaxt qələbə qazana bilməz “- deyə  Ali Baş Komandanımız çıxışında vurğulamışdır. Çətin coğrafi şəraitdə 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini 44 gün ərzində  yararaq irəli getmək, Şuşa kimi alınmaz sıldırım  qayanı dırmaşıb ,ancaq yüngül silahlardan istifadə edərək azad etmək çox böyük uğur idi. Müasir tarixdə heç bir yerdə buna bənzər  peşəkarlıq və qəhrəmanlıq göstərilməmişdir ki, qazandığımız Zəfəri onunla müqayisə edək. Bu Zəfər Azərbaycan xalqının illərlə gözlədiyi arzusu idi.

İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı Azərbaycanın həm beynəlxalq hüququnu , həm də öz milli qürurunu bərpa etdi. Bütün dünya gördü ki, güclü iradə , peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə alan gənclərin qarşısında  heç bir qüvvə dayana bilməz. İstər bütün Dünya, istərsə də  müstəmləkəçilikdən əziyyət çəkən xalqlar gördülər ki, inamla yaşamaq və əsas hədəfləri müəyyənləşdirib onun uğrunda mübarizə aparmaq lazımdır. Qalib olmaq üçün öz gücünə güvənmək, heç kimin qarşısında  baş əyməmək, heç kimdən asılı olmamaq ən başlıca meyardır. Demək olar ki, bizi bu işğalla barışdırmaq  və öz maraqlarını  təmin etmək istəyrdilər. Biz azadlıq müharibəsi apardıq. Nəticəsini isə İkinci  Qarabağ müharibəsində gördük.  Qarabağı heç görməyən gənclər belə, Qarabağın azad olunması uğrunda canlarını verdilər. Bundan sonra da biz müəllimlərin əsas vəzifəsi uşaqların, gənclərin biliyini  artırmaqla  yanaşı, onların vətənpərvərlik ruhunda  tərbiyəsi üçün  səmərəli və fəal işləməkdir. Bizdən sonra gələn nəsil bizə olan təzyiqi, ikiüzlülüyü, riyakarlığı  bilməli və unutmamalıdır.

Hərb meydanında sözünü deyən gəncliyimiz elm və biliyi ilə də dünyaya nümunə olmalıdır deyə düşünürəm. Bu istiqamətdə Qarabağ Universitetinin yaradılması  tarixi hadisədir. Hal-hazırda ölkəmizin müxtəlif bölgələrindən olan 1200 tələbə burada təhsil alır. Tarixi torpaqlarımızda ermənilərin  kütləvi şəkildə köçürülməsi XIX əsrin əvvələrində imzalanan “Kürəkçay”, “Gülüstan”  və “Türkmənçay”  müqavilələrinə əsasən olmuşdur. Bu tarixi faktdır. Lakın ermənilər hər zaman  bunu təhrif etməyə  çalışırlar. Dünya ölkələrini, beynəlxalq ictimaiyyəti yalan məlumatlara inandırmağa  çalışırlar. Xalqımıza qarşı bitmək bilməyən düşmənçilik addımları daha sonra 1923-cü ildə olmuşdur. Həmin ildə ölkəmizin tərkibində “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin  yaradılması və üç il əvvəl Qərbi Zəngəzurun alınması da bu addımların davamı  idi. Həmin vaxtdan etibarən kütləvi erməniləşdirmə siyasəti aparılırdı.

Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra separatçıların yuvaları dağıldı və sabitlik yarandı. Heydər Əliyevin apardığı siyasət nəticəsində yollar çəkildi, infrastruktur yaradıldı və azərbaycanlıların sayı Qarabağ ərazisində artırıldı. 1987-ci ildə istefaya göndərildikdən sonra separatçılar yenidən baş qaldırdı  və bu xalqımıza   baha başa gəldi. 1993-cü ildə Ulu Öndərin təkrar Azərbaycana hakimiyyətə gəlməsi ilə Azərbaycanın  dünya xəritəsindən silinmə ehtimalı  yox oldu. Sabitlik yarandı və yeni inkişaf yoluna qədəm qoyuldu.

Quruculuq və inkişaf  işlərinin məntiqi nəticəsi 8 Noyabr – Zəfər Günümüzdür. Şuşanın azad edilməsi , Ermənistan kapitulyasiyası və ondan sonrakı tarix göz qabağındadır. 2020-ci ilin noyabrından  2023-cü ilin  sentyabrına qədər hər bir addım təhlil  edilsə, hər sonrakı addım əvvəlki addımın məntiqi davamıdır və hər bir addımın  son məqsədi 20 Sentyabr–Dövlət Suverenliyi  Günü idi.

Cavid Cəfərzadə,
Xəzər rayonu,  H.İskəndərov adına 206 nömrəli
 tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button