2 Fevral – Azərbaycan Gəncləri Günü
“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”
HEYDƏR ƏLİYEV
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcək müqəddəratı indiki gənclərdən asılı olacaqdır.
Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparır.
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” – sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.
Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda tam müasir avadanlıqlarla təchiz olunmuş Olimpiya İdman Komplekslərinin gənclərə xidmət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların dövlətimiz tərəfindən layiqincə qiymətləndirilməsi də onları yeni uğurlar üçün ruhlandırır.
İstedadlı mütəxəssislərin hazırlanması orta məktəbdən başlayır. Dövlətimiz bu məsələyə də xüsusi diqqət yetirir. Azərbaycanda büdcənin ən böyük hissəsi təhsil xərclərinə yönəldilibdir. Son illər həm dövlət vəsaiti hesabına, həm də Heydər Əliyev fondunun hesabına yüzlərlə məktəb tikilib və yenilərinin tikintisi bu gün də sürətlə davam etdirilir. Azərbaycanda bütövlükdə təhsil infrasturukturu yeniləşir. Böyük əhəmiyyət kəsb edən kompüterləşmə proqramı həyata keçirilir. Hər bir məktəbdə kompüter sinifi yaradılır və internetə çıxış təmin olunur. Nəticədə gənclərimiz, şagirdlərimiz, tələbələrimiz dünyada baş verən bütün hadisələri yaxından izləyir, yeni müasir informasiya texnologiyalarına yiyələnirlər. Onlar dünyada gedən prosesləri təhlil etmək üçün imkanlar əldə edirlər.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların yüksək əzmi nəticəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Diqqətəlayiq haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Cənab İlham Əliyev Azərbaycan gəncini və onların müharibə dövründəki fəaliyyətini belə şərh edib: “Biz qəlbində güclü Vətən sevgisi olan gənc nəsil yetişdirdik. Hətta torpaqlarını görməyən gənclər bir arzu ilə yaşayıb ki, ədalət bərpa olunsun və onlar öz doğma torpaqlarına qayıtsınlar.”
Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.
Tağıyev Rövşən,
Xəzər rayonu, 123 №li tam orta məktəbin müəllimi