
Azərbaycan xalqının taleyində mühüm yer tutan 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin müasir tarixinin ən əlamətdar və unudulmaz səhifələrindən biridir. Bu gün təkcə siyasi hakimiyyət dəyişikliyi ilə deyil, həm də Azərbaycanın dövlət müstəqilliyinin qorunması, milli birliyin təmin olunması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi ilə yadda qalıb. 1993-cü ilin 15 iyun tarixində ümummilli lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilərək xalqın ümidlərini doğrultmuş və ölkəni ağır böhrandan xilas etmişdir.
Müstəqilliyin ilk illərində Azərbaycan ciddi siyasi və iqtisadi çətinliklərlə üzləşmişdi. Ölkədə hakimiyyət uğrunda mübarizə, idarəetmədə xaos, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü vəziyyəti daha da ağırlaşdırırdı. Dövlətçiliyin itirilməsi təhlükəsi yaranmış, ölkədə vətəndaş qarşıdurması həddinə çatan gərginlik hökm sürürdü. Belə mürəkkəb bir dövrdə xalq yeganə çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görürdü.
Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi təmin etdi. Dövlət idarəçiliyində peşəkarlıq və qətiyyət nümayiş etdirilərək qanunsuz silahlı dəstələrin qarşısı alındı, milli həmrəylik möhkəmləndirildi və dövlət quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmağa başladı.
Milli Qurtuluşdan sonra həyata keçirilən mühüm islahatlar ölkənin inkişafına güclü təkan verdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi həyatında yeni mərhələnin başlanğıcı oldu. Xarici sərmayələrin ölkəyə cəlb edilməsi, enerji siyasətinin düzgün qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadi gücünü artırdı. Bununla yanaşı, hüquqi dövlət quruculuğu, demokratik institutların formalaşdırılması və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı.
Bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmiz beynəlxalq arenada nüfuzunu daha da artırmış, milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınmışdır. Qarabağda əldə olunan tarixi qələbə də məhz Milli Qurtuluş ideyalarının və güclü dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilir.
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının birlik, həmrəylik və dövlətçilik iradəsinin təntənəsidir. Bu əlamətdar tarix xalqımızın yaddaşında müstəqilliyimizin xilası və inkişaf yolunun başlanğıcı kimi daim yaşayacaqdır. Milli Qurtuluş Günü hər bir azərbaycanlı üçün dövlətə sədaqət, vətən sevgisi və milli birlik rəmzidir.
Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini



