AnalitikaGündəmSiyasətSosial

15 İyun – Milli Qurtuluş Günü

Hər bir xalqın dövlətçilik tarixində onun siyasi taleyini, inkişaf istiqamətlərini və milli gələcəyini müəyyənləşdirən taleyüklü mərhələlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan xalqının müasir tarixində belə dönüş nöqtələrindən biri 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar tarix yalnız hakimiyyət dəyişikliyi ilə məhdudlaşmır, eyni zamanda dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qaldırılması, milli dövlətçilik ənənələrinin qorunması və müasir Azərbaycan Respublikasının möhkəm siyasi, hüquqi və institusional təməllər üzərində yenidən formalaşdırılması prosesinin başlanğıcı kimi mühüm tarixi məzmun daşıyır. Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası, siyasi sabitliyin bərpası və davamlı inkişaf strategiyasının əsasının qoyulduğu bir mərhələ kimi ölkənin müasir tarixində müstəsna yer tutur.

15 iyun 1993-cü ildə əsası qoyulan sabitlik və inkişaf strategiyası sonrakı illərdə Azərbaycanın sürətli sosial-iqtisadi yüksəlişini təmin etdi. Güclü iqtisadiyyatın qurulması, müasir ordu quruculuğu, enerji təhlükəsizliyi siyasətinin uğurla həyata keçirilməsi və beynəlxalq nüfuzun yüksəlməsi bu strateji kursun nəticələri kimi meydana çıxdı.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Bunun ən parlaq nəticəsi 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. 2023-cü ildə ölkənin bütün ərazilərində dövlət suverenliyinin tam təmin edilməsi isə müstəqil dövlətçilik modelinin gücünü və davamlılığını bir daha nümayiş etdirdi.

Milli Qurtuluş Günü Azərbaycan tarixində dövlətçilik ideyasının xilası, milli birliyin təntənəsi və müstəqilliyin möhkəmləndirilməsi mərhələsidir. Bu gün Azərbaycan Respublikasının əldə etdiyi siyasi sabitlik, iqtisadi inkişaf, beynəlxalq nüfuz və hərbi qüdrət məhz 15 İyun 1993-cü ildə əsası qoyulan strateji dövlətçilik kursunun nəticəsidir. Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində dövlətçilik ənənələrinin qorunmasının, milli iradənin təcəssümünün və müstəqilliyin əbədiliyinin rəmzi kimi xüsusi yer tutur.

Orxan Hüseynzadə,
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Yap Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri 

Oxşar Xəbərlər

Back to top button