14 iyul 2026-cı ildə Şəkidə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

Tədbirdə YAP Şəki rayon təşkilatının, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Heydər Əliyev Mərkəzinin rəhbərliyi və əməkdaşları, partiya fəalları iştirak edib.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, böyük hörmət və ehtiramla yad edilmişdir
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşı Xuraman Səmədova və YAP Şəki rayon təşkilatının Zunud ərazi partiya təşkilatının sədri Əliheydər Abdullayev çıxış etmişlər.
Çıxış edənlər qeyd ediblər ki, Azərbaycanın ən yeni tarixinin mühüm bir mərhələsi Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi fəaliyyəti və dövlətçilik irsi ilə sıx bağlıdır. Bildirilib ki, onun 1969–1982-ci illərdə respublikaya ilk dəfə rəhbərlik etdiyi dövr ölkənin ictimai-siyasi, iqtisadi, elmi, mədəni və mənəvi həyatında misilsiz yüksəliş mərhələsi kimi tarixə düşmüşdür. Həmin illərdə Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyətli idarəçiliyi və müdrik qərarları nəticəsində Azərbaycanın gələcək dövlət müstəqilliyini təmin edəcək möhkəm təməllər formalaşdırılmış, xalqın milli özünüdərki və milli şüuru əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Çıxışlarda xüsusi qeyd olunub ki, 1969-cu il iyulun 14-ü Azərbaycanın yeni tarixində dönüş nöqtəsi hesab edilir. Məhz həmin tarixdən etibarən Respublika bütün istiqamətlər üzrə köklü islahatlar və sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Respublika keçmiş SSRİ məkanında inkişaf tempinə görə qabaqcıl yerlərdən birini tutmuş, əvvəllər əsasən aqrar respublika kimi tanınan Azərbaycan inkişaf etmiş sənaye ölkəsinə çevrilmiş, elmi-texniki yeniliklərin geniş tətbiq olunduğu və zəngin mədəniyyəti ilə tanınan bir ölkə kimi nüfuz qazanmışdır. Bununla da müasir müstəqil Azərbaycan dövlətinin möhkəm təməli yaradılmışdır. Eyni zamanda vurğulanıb ki, Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsində – 1993–2003-cü illərdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin davamlı inkişafının əsası qoyulmuş, Azərbaycanın bu gün əldə etdiyi uğurların və mövcud reallıqların bünövrəsi məhz həmin dövrdə formalaşdırılmışdır.
Sonra tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarxa tamaşa ediblər.




