Analitika

10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu

Qarabağ münaqişəsi Zəfərlə tarixə qovuşub. Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbənin ikinci ildönümünü – Zəfər Gününü böyük coşqu, sevinc və qürur hissləri ilə qeyd edir.Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Azərbaycanın Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. 10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi.

Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir.Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. “Dağlıq Qarabağ”ınstatusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərmişdir. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır.

Sübhan Ərəbi,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button